İranda daşqınlar nəticəsində ölənlərin sayı 32, yaralıların sayı isə 200 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsini, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri basıb.
Çaylarda daşqın olub. Tehranda bəzi dəmiryolu səfərləri təxirə salınıb. Ölkə paytaxtı yaxınlığındakı Qan-Sulekanir avtomobil yolununda 7 metr uzunluğunda, 6 metr enində sürüşmə əmələ gəlib.
Tehranın şimalında yerləşən məşhur turizm rayonları Dərbənd və Darakda restoranlar və texniki xidmət stansiyaları, martın 26-da isə İran paytaxtındakı “Nəhcül Bəlağə” parkı da bağlanıb.
Təbii fəlakət nəticəsində Qazaxıstan-Türkmənistan-İran beynəlxalq dəmiryolu xəttinə ciddi zərər dəyib.
İranın Tibbi Ekspertiza Təşkilatının fövqəladə hallar üzrə direktor əvəzi Mehrdad Əli Bəxşi sel və daşqınları iki hissəyə bölüb: “Selin birinci dalğasında, yəni güclü yağıntıların ilk günlərində Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətlərində 9 nəfər dünyasını dəyişib. İkinci dalğasında isə Fars vilayətinin Şiraz şəhərində 18 nəfər, Xuzistan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 1 nəfər, Gülüstan vilayətində 3 nəfər, Lorestan vilayətində 2 nəfər və Simnan vilayətində 1 nəfər həlak olub”.
Sinoptiklərin proqnozuna görə, martın 27-də də leysan yağışları davam edəcək.