İranda güclü zəlzələ – Ölənlər var, yaralananların sayı 70-ə çatıb / YENİNLƏNDİ

İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb.

Bu barədə İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər bildirib.

C.Miadfər qeyd edib: “Bəndər Abbas şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb. 22 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər ölüb.

***

21:22

Zəlzələ nəticəsində ölənlərin sayı 2-yə, yaralıların sayı isə 27-yə çatıb.

***

18:05

İranda 6,1 maqnitudalı zəlzələdən 1 dəqiqə sonra 6,4 maqnitudalı daha bir zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Zəlzələ nəticəsində torpaq sürüşməsi baş verib.

Zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.

Qeyd edək ki, bundan öncə İranda 6,1 maqnitudalı zəlzələ baş verdiyi bildirilmişdi.

***

17:02

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm rayonunun Laft şəhəri yaxınlığında 6,4 bal gücündə baş verib.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:36-da 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.