“İranda İslam inqilabından bu günə qədər ilk dəfə olaraq sünni kürd vitse-prezident oldu”.
Yenicag.az xəbər verir ki, bu sözləri güney azərbaycanlı araşdırmaçı Arif Kəskin sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, Məsud Pezeşkian Əbdülkərim Hüseynzadəni ölkənin zəif rayonlarının inkişafı üzrə vitse-prezident təyin edib.
“İranda ilk dəfə bu təyinatla sünni vitse-prezident oldu. İran qanunlarına görə, Nazirlər Şurasında yalnız birinci vitse-prezident səsvermə hüququna malikdir. Prezidentin digər köməkçilərinin səsvermə hüququ yoxdur. Pezeşkian etnik qruplara yeni kabinetdə daha çox yer verməyə çalışır”, – deyə qeyd edib.
O, həmçinin əlavə edib ki, 1979-cu il İran inqilabından 45 il ötür.
“Rəsmi adı İslam Respublikası olan bir rejim sünni bir şəxsin 45 ildən sonra Nazirlər Şurasına daxil olmasını inqilab kimi təqdim etməsi həmin rejimin məzhəb kimliyinin konkret sübutudur. Ölkə daxilində sünni vətəndaşların bütün hüquqlarını əlindən almaq, lakin ölkə hüdudlarından kənarda İslam dünyasının liderliyini iddia etmək də açıq-aşkar ideoloji-siyasi ikiüzlülükdür”, – deyə o bildirib.
Rafi Müslümov