“İranda nəinki rejim dəyişəcək, bu dövlət çökəcək” – ŞƏRH

“İranın Azərbaycan, İsrail və Səudiyyə Ərəbistanından birinə qarşı hərbi müdaxiləsi olsa, İranda nəinki rejim dəyişəcək, İran dövləti çökəcək”.

Bunu İran daxilindəki vəziyyət, rəsmi Tehranın aqressiyasının səbəbləri və gözlənilənləri şərh edən sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, proseslər molla rejiminin dağılacağını göstərir:

“1978-ci ildə şah rejiminə qarşı İranda hadisələr başladı. 1979-cu ildə inqilab bitdi və indiki molla rejimi hakimiyyətə gəldi. İran dövlət olaraq həmin tarixi yaşayır. İrandakı mitinqlər bütün sferaları əhatə edir. İranda gedən proseslərin fonunda rəsmi Tehranın xarici aqressorluğu başlayıb.

ABŞ bəyan etdi ki, İran aqressorluğunu davam etdirsə, ona qarşı cavab verəcək. İranda məscidlərin birində qırmızı bayraq dalğalandı. Bu cihat deməkdir. İran hansısa dövlətə hücum etmək istəyəcək. İranın hücum edə biləcəyi 3 dövlət var. Birincisi İsrail, ikincisi Səudiyyə Ərəbistanı, üçüncüsü isə Azərbaycan ola bilər. Azərbaycanda İsrailin, Türkiyənin yüksək rütbəli hərbçiləri görüş keçirdi, daha sonra isə Səudiyyə Ərəbistanının xarici işlər naziri Bakıya gəldi.

İran dövləti dağılmaldır. İran aqressor dövlətdir. Bu dövlət regionda sülhü, əməkdaşlığı, iqtisadi münasibətlərin dəyərini bilməyən bir dövlətdir. İran Azərbaycan üçün təhdiddir. İranın Azərbaycana, İsrailə və Səudiyyə Ərəbistanına qarşı hərbi müdaxiləsi olsa, İranda nəinki rejim dəyişəcək, İran dövləti çökəcək”.

Səxavət Məmməd