İranda prezidentlik YARIŞI: “Xamneyi əlini kimin çiyninə qoysa…”

“İranda prezidentliyə namizədliyini təkcə Əli Laricani verməyib. Həmçinin Səid Cəlili də namizədliyi qeydiyyata alınıb”.

Bu sözləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

O, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra bu ölkədə start götürən növbədənkənar prezident seçkiləri marafonundan söz açıb.

S. Soltana görə, Ə. Laricani ilə S. Cəlili hələlik namizəd deyillər, sadəcə, namizədliyə qeydiyyata alınmaq üçün sənədlərini veriblər:

“Onların sənədləri təqdim olunandan sonra İranın Daxili İşlər Naziri və Nəzarət Şurası tərəfindən yoxlanılacaq. Məhz bundan sonra onların namizədliyi qeydə alınacaq. Odur ki, onların namizədliyinin təqdim olunması namizədliyə iddiaçı olmaları anlamına gəlir”.

Onun fikrincə, Ə. Laricani İran parlamentinin keçmiş sədri olub və bir dəfə də prezidentliyə namizədliyini verib:

“O, İranda din xadimləri arasında liberalyönümlü şəxs sayılır. O hesab edir ki, İslam dinində liberalizm var və bununla bağlı onun bir sıra məqalələri mövcuddur. Siyahıda həmçinin Səid Cəlili də yer alıb. O, keçmiş namizədlərdən biri olub və son seçkilərdə İranın mərhum prezidenti İbrahim Rəisinin xeyrinə öz namizədliyini geri çəkib”.

İranşünas hesab edir ki, onların hər ikisi mühafizəkar xətdə yer alırlar və İranın ali dini lideri Seyid Əli Xamneyinin nümayəndəsi sayılırlar:

“Hesab edirəm ki, İran hakimiyyəti prezident seçkisinə böyük riskə getməyəcək. Ümumiyyətlə, İranda seçkilərin şəffaf keçirildiyini demək düzgün olmaz. Məsələn, parlament seçkilərinin ikinci turunda cəmi 5% seçici iştirak etmişdi. Onsuz da İran cəmiyyəti üçün namizədlərin kimliyinin bəlli olmasından sonra seçki marafonu onlara maraqlı gəlmir. Lakin reallıq budur ki, Xamneyi əlini kimin çiyninə qoysa, o da seçiləcək”.

Rafi Müslümov

COP29