İranda prezidentlik yarışının ikinci turu: Onun çağırışı həlledici olacaq

“İranda 2 dönəm islahatçı, 2 dönəm isə mühafizəkarların seçilməsi ənənəsi, əslində, şərti bölgüdür. Məsələn, Seyid Əli Xamneyidən sonra prezident Əli Əkbər Haşimi Rəfsəncani, ondan sonra isə Məhəmməd Xatəmi 2 dəfə seçilib. Yəni bu məsələ şərtidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

O, İranda keçirilən prezident seçkiləri ilə bağlı fikirlərini, habelə seçkilərin ikinci tura qalmasının səsəblərindən söz açıb.

Mütəxəssisə görə, İranda islahatların keçirilməsi 1905-1911-ci illərdə baş verən Məşrutə hərəkatından başlayır:

“O vaxtı konstitusiya monarxiya şəklində oldu, daha sonra Rza şah Pəhləvini gətirdilər və yenidən diktatura yarandı. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani, 1945-ci ildə Seyid Cəfər Pişəvəri, 1951-1952-ci illərdə isə Məhəmməd Müsəddiq hərəkatı baş tutdu. Bütün bunların hamısı İranın demokratikləşməsi və İranda islahata hesablanmış hərəkatlar idi. Məsələn, həm Pişəvəri, həm Xiyabani hərəkatının əsas şüarı “İrana demokratiya, Azərbaycana muxtariyyət” idi. 1979-cu il İslam inqilabından sonra da bu islahatların aparılması başlıca hədəflərdən oldu. Hətta həmin dövrdə hakimiyyət daxilindəki böyük din alimləri, inqilabın ideoloqlarından olanlar islahatın aparılmasını, demokratiyanın olmasını təklif edirdilər. Məsələn, Müntəziri, Taleqani və bu kimi din xadimləri daha liberal konstitusiyanın, dinlə dövlətin ayrılması məsələlərini irəli sürdülər”.

S. Soltanın fikrincə, sonrakı dövrlərdə İran prezidentləri olmuş Rəfsəncani, Xatəmi, Həsən Ruhani də islahat tərəfdarı olublar:

“Amma bunlar daha çox islahatı imitasiya, təlqin edirdilər. İslahatın aparılması üçün də başlıca şərt güc və maliyyə vəsaitinin olmasıdır. Nə XX əsrin əvvəlində, nə də Rəfsəncanidən sonrakı dövrdə islahatçıların arxasında güc olmadı. Hətta Müsəddiqin, Pişəvərinin, Şeyx Məhəmməd Xiyabanın arxasında belə güc və maliyyə vəsaiti olmadı. Güc və maliyyə vəsaiti olmadığından bu islahat prosesləri və hərəkatları həmişə məğlub olub. Üstəgəl, əlavə olaraq, bu islahat hərəkatları xarici qüvvələr və beynəlxalq ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənməmişdir. Bu dəstəkləməmə nəticədə İranda avtoritarizmin və diktaturanın daha da güclənməsi ilə müşahidə olundu. Məsələn, sonralar ABŞ Məhəmməd Müsəddiq hökumətinin devirdiklərinə görə İran xalqından üzr belə istədi. İslahatçılıq dəstəklənmədiyinə görə İranda demokratiya heç vaxt olmayıb”.

İranşünas əlavə edib ki, bu gün İranda Pezeşkian və Cəlilinin mübarizə apardığı seçkilərdə hər hansı birinin qalib gəlməsi bu ölkədə nə demokratiya, nə islahata, nə azad bazara, nə iqtisadiyyatın liberallaşmasına, nə də özəlləşdirmə istiqamətində hadisələrə, qısacası, vəziyyətə heç bir təsir göstərməyəcək:

“Məsələn, Yaxın və Orta Şərqdəki müharibəyə, yaxud İranın nüvə proqramı ilə bağlı “Altılıq”la aparılan danışıqları da buraya əlavə etsək, fikrimcə, heç buna da təsir göstərməyəcək. Ötən dövrdə Xatəminin “Altılıq”la nüvə danışıqları çox uğurlu başlamışdı. Sonra elan etdilər ki, imzalanma mərhələsini saxlayaq prezident seçkisindən sonraya. Prezident seçkisində də Mahmud Əhmədinejadı seçdilər və danışıqlar mərhələsi sıfırdan başladı.

Həsən Ruhaninin dövründə – 2015-ci ilin yayında Altılıqla əhatəli razılaşma sənədi imzalandı, sonra gəldilər İbrahim Rəisini seçdilər və onun dövründə bütün bu məsələləri təftiş etməyə başladılar və Həsən Ruhanini tənqid etdilər. Hətta onu dövlətə xəyanətə qədər ittiham edirdilər”.

“Odur ki, bu yarışda hər hansı birinin – islahatçı, yaxud mühafizəkar adlanan namizəddən birinin qalib gəlməsi İran üçün elə ciddi təsir göstərməyəcək. Sadəcə olaraq, onlar yaxşı və daha fədakar icraçı ola bilərlər. Bəs onlar kimin tapşırıqlarını icra edəcəklər? Ölkənin ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin və Ali Rəhbərlik İnstitutunun. İndi əsas məsələ budur ki, Pezeşkiyanmı icraçı olacaq, yoxsa Səid Cəlilimi? Hadisələr və verilən səslər deməyə əsas verir ki, Səid Cəlilinin ikinci turda qalib gəlmə şansı çoxdur. Çünki mühafizəkar xətti olan Qalibaf 16% dən bir qədər artıq səs toplayıb, 38%-dən bir qədər artıq səsi isə onunla eyni xəttin təmsilçisi Səid Cəlili əldə edib. İkisinin bir yerdə səsi 50%-dən çox edir, amma Pezeşkianın səsi isə 43%-ə yaxındır. Nəzəri hesablamalara görə, Cəlilinin üstünlük qazanmaq şansı var, amma hələ ki Qalibaf öz tərəfdarlarını Cəliliyə səs verməyə çağırmayıb. Bu vəziyyəti bir qədər fərqli edir.

Eləcə də hakimiyyət daxilində Ayətullah Seyid Əli Xamneyi də belə bir çağırış etməyib ki, tərəflərdən hansısa birinə səs verilsin. Pezeşkiyan ilə Cəlilinin səs qazanması siyasi tamaşanın davam etməsidir. İran hakimiyyəti bu siyasi tamaşa ilə ictimaiyyətə göstərmək istəyir ki, ölkə əhalisi ondan bezməyib, hələ də onun çağırışlarına səs verir və seçki kimi siyasi kampaniyalarda iştirak edirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29