İranda satanistlərə qarşı ƏMƏLİYYAT: 261 nəfər saxlanıldı – Aralarında avropalılar da var

İranda satanizmi yaymaqda ittiham olunan qrupa qarşı keçirilən əməliyyatda 3-ü Avropa vətəndaşı olmaqla, ümumilikdə 261 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehrandakı kəşfiyyat bölmələri iranlı və xarici üzvləri olan satanist qruplaşmaya qarşı əməliyyat keçirib. Əməliyyat zamanı paltarlarında, başlarında, üzlərində və saçlarında satanizmin loqoları, işarələri və simvollarını daşıyan 146 kişi və 115 qadın saxlanılıb.

Saxlanılanlar arasında üç Avropa vətəndaşının olduğu bildirilsə də, onların milliyyəti göstərilməyib. Əməliyyat zamanı sözügedən şəxslərə məxsus spirtli içkilər, psixotrop dərmanlar və 73 avtomobil də götürülərək qanuni tədbir görülməsi üçün ədliyyə orqanlarına təhvil verilib.

İsmayıl Bakuvi