İranda seçkilərdə Pezeşkiana qələbə qazandıran ŞÜAR: “Mən türkəm, türklüyümlə fəxr edirəm”

İranda islahatçı Təbriz millət vəkili və keçmiş səhiyyə naziri Məsud Pezeşkian 14-cü dövr prezident seçkilərinin ikinci turunda 53,7 faiz səs toplayaraq, ölkənin 9-cu prezidenti olub. Pezekişan seçki şüarlarında “Türkəm və bununla fəxr edirəm” ifadələrini işlədib.

Yenicag.az xəbər verir ki, İranda seçkilərdə qələbə qazanan islahatçı namizəd Məsud Pezeşkianın seçki kampaniyası dönəmində verdiyi açıqlamalar yenidən gündəmə gəlib. Səslərin 53,7 faizini toplayaraq ölkənin 9-cu prezidenti olan Məsud Pezeşkian türk olduğunu, ailəsində farsca deyil, türkcə danışdığını, türk olması ilə fəxr etdiyini bildirib.

Pezeşkian böyük diqqətlə həyata keçirdiyi seçki şüarlarında bu ifadələri işlədib: “Evdə uşaqlarımla həmişə türkcə danışırdım, farsca deyil. Mən türkəm. Anam da, atam da türkdür. Türklüyümlə fəxr edirəm”

İslahatçı namizəd Pezeşkian son seçki kampaniyasında cəmiyyətin geniş təbəqələrinin maraqlarını ifadə edən təkliflər və siyasi vədlər irəli sürüb. O, təhsil, səhiyyə, iqtisadi ədalət kimi sahələrdə islahat vədləri ilə seçicilərin diqqətini cəlb etməyi bacarıb. Onun seçki vədlərində təhsil sahəsində tələbələr üçün bərabər imkanların yaradılması, müəllimlərin maaşlarının artırılması nəzərdə tutulur. Səhiyyə sektorunda o, daha əlçatan və keyfiyyətli səhiyyə xidmətləri göstərməyi hədəfləyir. İqtisadi ədalətə gəlincə, Pezeşkian aztəminatlı ailələr üçün vergi endirimləri tətbiq etməyi planlaşdırır.

Pezeşkian Qərblə münasibətlərdə yumşalmanı, iqtisadi islahatları, sosial liberallaşmanı və siyasi plüralizmi müdafiə edir.

Pezeşkian helikopter qəzasında həlak olan İbrahim Rəisini əvəz edəcək.

İsmayıl Bakuvi

COP29