“İranda yaşayan soydaşlarımız gec-tez molla rejiminin cavabını verəcəklər” – Partiya sədri

“İran regionda hər hansı nüfuzunun qalmadığını dərk edərək bu yolla öz təsir imkanlarının bərpasına can atır”.

Bu fikirləri İranın Azərbaycana qarşı yolverilməz davranışlarının heç bir nəticə verməyəcəyini deyən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, İranın bu kimi cəhdləri heç bir nəticə verə bilməz:

“Əlbəttə ki, İranın məlum davranışları nə beynəlxalq hüquq normalarına, nə də insani münasibətlərə əsaslanır. Sadəcə olaraq İran regionda hər hansı nüfuzunun qalmadığını dərk edərək bu yolla öz təsir imkanlarının bərpasına can atır.

Azərbaycan isə qalibiyyətlə yekunlaşan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb və bölgədə gedən proseslərdə mühüm rol oynadığı üçün İranın bu kimi cəhdləri heç bir nəticə verə bilməz.

Ümumiyyətlə, İranın əl atdığı belə yolverilməz davranışlar yalnız iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, İranda yaşayan soydaşlarımız gec-tez molla rejiminin cavabını verəcəklər”.

A.Zeynalov

COP29