“İrandakı etiraz aksiyalarında monarxiyanın bərpasını dəstəkləyən şüarlara rast gəlinmir” – REAKSİYA

“Demokratiya və insan haqlarının qorunmasını istəyən İran cəmiyyəti ölkədə şahlığın bərpa edilməsinə qətiyyən maraq göstərmir”.

Bu fikirləri İranda vüsət alan etiraz dalğası fonunda devrilmiş şah ailəsinin xaricdəki lideri Rza Pəhləvinin fəallığı artırmasının ölkədəki monarxistlərin hərəkətlənmə səviyyəsini dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rza Pəhləvinin son hadisələrlə əlaqədar müxtəlif çağırışlar etməsinin İran cəmiyyətinə hər hansı təsiri olmayacaq:

“Həqiqətən də, İranda davam edən etiraz aksiyalarının gedişində indi ABŞ-də yaşayan devrilmiş şahın oğlu müxtəlif müsahibələr verərək, xalqı aktivləşməyə səsləyir. Hətta o, dünyanın müxtəlif ölkələrində yaşayan iranlıları sabah İrandakı hadisələrə dəstək üçün aksiyalar keçirməyə çağırır.

Qeyd edim ki, İranda ötən dönəmlərdə keçirilən bəzi etiraz aksiyalarında “Rza şah, ruhun şad olsun” (farsca) kimi şüarlar səsləndirilsə də, son aksiyalarda bu sloqana rast gəlinmir. Yəni indi keçirilən aksiyalarda ən çox istifadə olunan şüar “Diktatora ölüm”dür. Eyni zamanda, demokratiya və insan haqlarına yönəlik şüarlar eşidilir.

Bu da onunla bağlıdır ki, İran cəmiyyəti ölkədə şahlığın bərpa edilməsinə qətiyyən maraq göstərmir. Lakin Rza Pəhləvi Qərbin dəstəyi ilə gündəmə gəlməyə çalışır və bu hadisələrin dalğasında şahlıq rejiminin yenidən bərqərar olunmasına səy göstərir. Ancaq xalq ölkədə demokratiyanın olmasını və insan hüquqlarının qorunmasını tələb edir. Ona görə də, indiki şəraitdə şahlıq tərəfdarlarının faktora çevrilmələri imkan xaricindədir”.

A,Zeynalov