İrandan Qarabağa yük daşıyan şirkətlərə xəbərdarlıq edildi

Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

“Özəl sektorda çalışan nəqliyyət şirkətlərinə xəbərdarlıq etmişik, çünki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Tərəfimizdən lazim olan addımları atırıq”, – səfir qeyd edib.

Musəvi əlavə edib ki, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Səfir vurğulayıb ki, bu cür təxribatlar İran və Azərbaycan arasında olan dostlugu sarsıda bilməz:

“Bu məsələdə 3-cü tərəflər var ki, İran və Azərbaycan arasında yaxşı münasibətin olmasını istəmirlər. Mən son günlərdə Hikmət Hacıyevlə görüşdüm və İran-Azərbaycan arasında olan münasibətləri detallı şəkildə müzakirə etmişik”, – Musəvi bildirib.