!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İranı əmmamələməməli!" - Çingiz Özgür yazır

!Reklam – Yazi

Əvvəl sərhədlər söküldü. Hətta “sökdük” deməliyəm, çünki o vaxt az yaşıma  rəğmən “sərhəd hərəkatında” iştirak etmişəm və bu hadisələrin iştirakçısı olmağım mənim ömrümün ən fəxarətli anlarındandır. Amma məsələ bu deyil, başqa şeydən danışacağıq. Hə, onu deyirdim axı, əvvəl sərhədlər söküldü. Naxçıvanın sərt iqlimində 31 dekabr gününün adamı kəsən şaxtası bir anda dönüb mülayim yaz havasına çevrildi sanki. Hər iki sahildən Arazın qırağına yenib əlini- üzünü yuyanlar, hətta  qurşağadək soyunub illərdir həsrətlə baxdıqları, ayrılığa sərhəd olduğu üçün qarğısalar da  müqəddəs saydıqları çayın suyu ilə yuyunanlar oldu. Sonra, bu taydan o taya-o taydan bu taya “qardaş” deyib, “ can qardaş” eşidənlərin Arazqırağı görüşləri başladı. O zamanların texniki imkanları daxilində səsucaldanlarla, mikrofonlarla qohum qardaşlarını arayıb axtaran insanların görüşləri. Hər həftənin müəyyən bir günü əhali həm o taydan, həm bu taydan Araz çayının kənarına toplanır, ucadan bağıraraq hal əhval tutur, öz qohumlarının adlarını deyərək, tapılmasını rica edir, əsri adlayan həsrətin yanğısını söndürməyə çalışırdılar…

Sonra gediş-gəliş başlandı. Müəyyən şərtlər daxilində bu tərəfdən o tərəfə, ordan bura az sayda gedən insanlar, onların gətirdiyi şirin-şəkər “o tay söz- söhbətləri”, Təbrizin və digər şəhərlərimizin gözəlliklərinin əks olunduğu açıqcalar, şəkillər.

Qarşılıqlı olaraq o taydan bu tərəfə gəlməyə başlayan insanlar. Xoş üzlü, xoş şivəli insanlar. Di gəl, nə sirr idisə, onların çoxunu uzun əbalı, başı əmmaməli mollalar təşkil edirdi. Əllərində uzun təsbeh, dillərində dini söhbətlər, gözlərində xoşagəlməz ifadələr. İlk dəfə belə birini kəndin yarımtəmirli məscidində, bir stolda oturub danışarkən görmüşdüm. O taydan gələn adamı görmək marağı ilə getdiyim bu məclisdə mənim ən çox bir şey marağımı çəkmişdi. Əba desən, o vaxtlar bizdə də uzun plaşlar modda idi deyə, çox diqqətimi çəkmirdi. Təsbehi gözümü açandan nənə babalarımın cənamazında görmüşdüm, forması fərqli olsa da, bu da çox diqqət çəkmirdi. Danışığı illərdir məhərrəmlik məclislərində qoca nənələrdən eşitdiyimiz yanıqlı sinəzən idi sanki. Bir az ayrı şivədə, ayrı sözlərlə.  Di gəl əmmamə… Hə, bax bu başqa məsələ. Molla danışdıqca mən düşünürdüm ki, onun bütün sirri məhz əmmaməsindədir. Yadıma oxuduğum bir kitabdakı “ mollanı əmmamələməlimi, əmmamələməməlimi” yanıltmacı düşürdü. Elə bilirdim ki, bu dəqiqə durub bu mollanın başından əmmaməni götürüb yerə çırpsam, yəni mollanı əmmamələməsəm, bütün sirr açılacaq. Məsələn, mollanın nitqi quruyacaq. Hələ bəlkə yoxa da çıxdı, nə bilmək olar.

O vaxtlar biz əmmamə ilə sevimli filmimiz olan “ Sehirli xalat”-dan tanış idik. Uşaqların qovduğu xan, qaçmaq üçün öz əmmaməsindən istifadə edir, əmmaməni açaraq minarədən düşüb qaçırdı. Gediş gəlişin başlaması ilə İrandan gələn sözü –özü xeyli oxşar olan cürbəcür mollalarda eyni cür əmmamələr məndə elə fikir yaratmışdı ki, İran tərəfi bizim milyonlarla soydaşımızı məhz bu sehirli əmmamə ilə əsarətdə saxlayır. Lazım gələndə əmmaməni açaraq aradan çıxır, sonra yenə əmmaməsi başında peyda olur, danışır, deyir, hökm edir.

Uşaqlıqdan başlayan bu düşüncə, heç vaxt məni tərk etməyib. Əksinə, 1979-cu il məşhur İran İslam İnqilabının nəticəsində Fransadan təyyarə ilə dövlət başına gələn əmmaməlini, zaman –zaman Azərbaycan xalqının və bütün dünyadakı azərbaycanlıların tək dövləti olan Azərbaycan Respublikasının əleyhinə qara ağzını açıb, qara-qura söhbətlər edən əmmaməliləri, Allahı ürəyində yox, bayrağında saxlayan, ölkəni məscidlərdən idarə edərkən, Qarabağdakı məscidlərdə donuz saxlayan ermənilərlə ağız- ağıza öpüşən əmmaməliləri görəndə bu fikrim daha da möhkəmlənib. Bütün sirr o əmmamədədi. Vurub başından salsan, bir anda daşlar çiçək aça bilər…

Güney Azərbaycan azad olacaq! Azərbaycan gec tez birləşəcək, bütöv və qüdrətli bir ölkə olcaq! Biz buna adımız kimi inanırıq. Təkcə onu görə inanmırıq ki, liderimiz bunu deyib, inanıb və bizim qanımıza yeridib. Həm də ona görə inanırıq ki, ədalət gec tez bərqərar olur. Ona görə inanırıq ki, güney bir əsirdə bir neçə dəfə ayağa qalxıb. Hətta bir dəfəsində öz hökümətini də qurub və düz bir il bu hökümət yaşayıb. Necə ki, bizim müstəqilliyimizin rüşeymi 1918-1920 ci illərdəki dövlətimiz idi, eləcə də güneydə bunun bənzəri var. Bəli, mollalar gedəcək. Necə ki, şah getdi və bir daha da geri dönməz, eləcə bunlar da gedəcək. Həm də tezliklə olacaq. Artıq buna çox əminəm.

İnamımın niyəsi elə bayaqdan dediyimdir. Son illərdə İran adlanan dövlətdə soydaşlarımız bir neçə dəfə baş qaldırıb. Neçə dəfələrlə Təbriz qalxıb, Urmiyə, Zəncan qoşulub. Küçələr qan gölünə dönüb. Hər dəfəsində əlimizə gəlib çatan görüntülərdə gözüm əmmamələrdə olub.  Yerindədirlər. Öz xalqını əzən, öz qardaşına silah çəkilməsini əmr edən mollaların başında dimdik durublar. İçimdən kəsilə- kəsilə qalmışam. “Nə qədər ki, o əmmamələr o başlardadı, çətin ki, bizim qardaşlarımız azad ola” düşünmüşəm.

İndi yaxın durun. Bu dəfə fərqlidir. Tilsim sınır axır ki! Keçən günlər qabağıma çıxan bir videodan gördüm, güneydə son ay yarımdır davam edən etirazların fonunda yeni bir trend ortaya çıxıb. Qadınların baş örtüsü ilə başlayan etirazlar, sosial problemlərdən çıxıb artqı, bilirsiz. Neçə vaxtdı ki, Təbriz “Azadlıq, Ədalət, Milli Hökümət!” deyir. Deyəsən bu dəfə həm bizim soydaşlarımız, həm də İranda yaşayan digər xalqlar  anlayırlar ki, problem qadının başındakında yox, mollanın başındakındadı. Və ya başında əmmamə ilə başda oturanlardadır. İndi kim harada molla görürsə, başından əmmaməsini vurub yerə salır. Və bunu da videoya çəkərək  paylaşır. Sosial şəbəkələr başından əmmaməsi vurulub salınan molla videosu ilə doludur. Baxıram, qayıdıb bir də baxıram. Kefim gəlir! Artıq güneydə “mollanı əmmamələmirlər!”

Çox şükür! Demək ki,  mollaların qeybə çəkiləcəyi, “daşların çiçək açacağı” günlər lap yaxındadır! Əmmamələr düşdü, sirr açıldı!

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv