İranın 6 illik Suriya macərası: 100 milyard dollar xərc, 20 min ölü

2011-ci ildə Suriya böhranının yarandığı andan Bəşər Əsəd rejiminin yanında olan, onun devrilməməsi üçün milyardlarla dollar xərcləyən, minlərlə hərbçi itirən, bu üzdən də İslam və Ərəb dünyasında öz nüfuzuna zərbə vuran İran Yaxın Şərqdə möhkəmlənmək üçün bütün imkanlarından istifadə edir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın ali dini rəhbəri Ayətullah Xamneyi 2011-ci ildə Suriyada alovlanmış vətəndaş müharibəsinin ABŞ və İsrailin maraqlarına xidmət etdiyini deyərək, Bəşər Əsəd rejimini dəstəkləyəcəklərini açıq şəkildə bildirdi. Tehran rejimi aradan keçən 6 il ərzində bu mövqeyinə nəinki sadiq qaldı, hətta özünün Suriya proseslərində iştirakını daha da genişləndirdi.

Əsəd rejiminə dəstək

Suriya böhranının başlanğıcında İranın Suriya hakimiyyətinə dəstəyi hərbi müşavirlərin oraya göndərilməsi və texniki məsələlərlə məhdudlaşırdı. Lakin Suriyada vətəndaş müharibəsinin şiddətlənməsi nəticəsində İran bu münaqişədə tərəflərdən birinə çevrildi. Bu çərçivədə Suriyaya göndərilən İslam Keşikçiləri Korpusunun Qüds Qüvvələri tərkibi tədricən genişləndirildi. Bundan başqa, 2013-cü ildən etibarən Livandakı “Hizbullah” təşkilatı da Tehranın təlimatı əsasında Suriya hökumət qüvvələri ilə birlikdə müxalifətə qarşı döyüşlərə qoşuldu. İran həmçinin İraq, Əfqanıstan və Pakistandan da şiə könüllülərinə təlim keçərək, Suriyaya göndərdi. 2015-ci ildə isə İran Suriyada hərbi mövcudluğunu gücləndirərək, könüllü milli dəstələri və 65-ci Hava-Desant Briqadasını Suriya münaqişəsinə cəlb etdi. Lakin İranın Suriyadakı hərbi kontingentinin dəqiq sayını müəyyənləşdirmək mümkün deyil. 2015-ci ilə qədər Suriyada təqribən 2 min iranlı döyüşçünün olduğu təxmin edilsə də, son ilyarımda bu rəqəm xeyli artıb. İranın müxalifətdəki Milli Müqavimət Şurasının 2016-cı ilin sentyabrında açıqladığı məlumata görə, İran İslam Keşikçiləri Korpusunun 8-10 min, nizami ordunun isə 5-6 min əsgəri Suriyada vuruşur. Bundan başqa, “Hizbullah”dan savayı, 20 min iraqlı, 15-20 min əfqan, 5-7 min pakistanlı, fələstinli və digər ölkələrdən olan döyüşçülərin İran vasitəsilə Suriyada yerləşdirildiyi qeyd olunur.

Hərbi və iqtisadi itkilər

Suriyadakı hərbi əməliyyatlara başlayan İran bu döyüşlərdə Həsən Şateri və Hüseyn Həmədani də daxil olmaqla 30-dan artıq generalını itirib. Müxtəlif mənbələr İranın Suriya müharibəsində 1000-dən artıq hərbçi itirdiyini açıqlayıb. Lakin Milli Müqavimt Şurası təkcə İslam Keşikçiləri Korpusunun Suriyada 1500 nəfər itki verdiyini iddia edib. Könüllü şiə milislərinin itkisinin isə 20 min nəfəri keçdiyi qeyd olunur. İran vətəndaş müharibəsi dövründə Bəşər Əsəd rejiminə hərbi-siyasi dəstəklə yanaşı, geniş maliyyə yardımları da göstərməkdədir. İranın Əsəd rejimini müdafiə etməsi üçün səfərbər etdiyi şiə milislərə ayda 500-1000 dollar ödəməsi Tehranın bu müharibədəki maliyyə məsrəflərinin yalnız cüzi hissəsidir. Suriyadakı hərbi kampaniyanın İrana hansı maliyyə itkisi hesabına başa gəldiyinə dair rəsmi məlumat yoxdur. Lakin qeyri-rəsmi mənbələr İranın Suriyadakı proseslərdə çəkdiyi illik xərclərin 6 milyard dolları keçdiyini bildiriblər. Ancaq bir sıra mənbələr bu rəqəmin 15-20 milyard dollar civarında olduğunu açıqlayıblar. Bu isə o deməkdir ki, İran 2011-ci ildən bu yana Suriya proseslərinə qoşulmaqla, artıq 100 milyard dollar itirib.

İran və region ölkələrinin qarşıdurması

Bəşər Əsəd rejimini birmənalı olaraq dəstəkləyən İran bu siyasətinə görə bölgənin bir sıra ölkələri ilə münasibətlərini daha da gərginləşdirib. Suriya böhranında İranın mövqeyini qəbuledilməz sayan Qərb ölkələri Tehrana qarşı əlavə sanksiyalar tətbiq etdilər. İran isə Suriya müxalifətini dəstəkləyən Türkiyə və Səudiyyə Ərəbistanına etirazını sərt şəkildə ifadə etməklə, özünün Suriya siyasətində ardıcıllığını qoruyacağını göstərdi. Türkiyə və Səudiyyə Ərəbistanı isə İranı regionda məzhəb ziddiyyətlərini dərinləşdirməkdə günahlandırdılar. Nəticə etibarilə, İran yürütdüyü siyasət üzündən Suriya ilə bağlı beynəlxalq danışıqlara buraxılmadı. Ancaq 2015-ci ildə ABŞ-la İran arasında baş tutan nüvə anlaşmasından sonra İslam Respublikası “Suriyaya Beynəlxalq Dəstək Qrupu” na daxil edildi.

Suriya böhranı və İranın daxili siyasəti

İranın Suriya siyasətinin ən əsas məqamlarından biri İslam Keşikçiləri Korpusunun xarici siyasət məsələlərində önə çıxması oldu. İslam Keşikçiləri Korpusunun xarici siyasətdə təşəbbüsü ələ alması Tehranın ideoloji və geopolitik maraqlarının təmin olunması məqsədi ilə izah edilir. Hazırda İranın həm İraq, həm də Suriya siyasətini İslam Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin müəyyənləşdirdiyi bildirilir. Maraqlı məqamlardan biri də keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti ilə admiral Əli Şamxaninin Suriya məsələləri ilə bağlı ümumi siyasətin icrasına cəlb olunmalarıdır. İranın siyasi elitasında müəyyən bir hissə isə ölkənin əsas prioriteti kimi Suriyanı deyil, İŞİD-lə mübarizəni əsas sayır.

İran Astana danışıqlarında

Qeyd olunan itkilərə baxmayaraq, İranın Suriya proseslərində əldə etdiyi dividentlər də diqqətdən kənarda qalmır. Ölkə ərazisinin böyük hissəsinə nəzarəti itirsə də, İranın dəstəklədiyi Bəşər Əsəd rejimi hələ də iqtidardadır. Eyni zamanda, Suriya hakimiyyətini tam miqyasda dəstəkləməyə gücü çatmayan İran bu rolunun əhəmiyyətli hissəsini Rusiyaya güzəştə getməli oldu. Lakin Suriyada cərəyan edən son proseslərdə fəallığını artıraraq, böhranın nizamlanması üzrə danışıqlarda əsas tərəflərdən biri kimi masada yerini tutdu. Astana danışıqlarında İran Suriyada Əsəd rejiminin iqtidarda qalacağı keçid dövrünün müəyyənləşməsinə çalışacaq. Bununla da Tehran Suriyanın gələcəyinin müəyyənləşməsində daha çox söz sahibi olmaq niyyətindədir. Bu siyasət baş tutacağı təqdirdə, İran özünün regional güc statusunu da təmin etmiş olacaq.

Yeniçağ.Az