Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranın Azərbaycan siyasəti: “Sulduz tələsi” və “Qarabağ hiyləsi…” – İkinci yazı

Reklam: High Technic

Davamı…

Bu gün də İranın anti-Azərbaycan siyasəti dəyişməyib. Məsələn “Vətən müharibəsi”ndən əvvəl də, müharibə zamanı da İran, Rusiyanın Gürcüstandan keçirə bilmədiyi silahları öz sərhədləri vasitəsiylə Ermənistan tərəfinə ötürmüşdü. Bütün bunlar isə, rəsmi şəkildə təsdiqini tapmışdır. Ancaq müharibədən sonra, elə günlər əvvəl yenə eyni mövzu ilə qarşılaşdıq. Azərbaycan tərəfinin icazəsi və məlumatı olmadan, İrana aid nəqliyyat vasitələri Azərbaycan torpaqlarına qanunsuz yükdaşımalar həyata keçirirdi. Son günlər isə, İran tərəfinin Azərbaycan dövlətinə qarşı yeni bir siyasi yanaşması dilə gətirildi. Belə ki, Azərbaycan tərəfi öz hərbi dəniz qüvvələrinin profesionallığını artırmaq, ekstrimal vəziyyətlərə daha yaxşı hazırlamaq üçün hərbi müttəfiqi Türkiyə dövləti ilə Xəzərin Azərbaycana aid hissəsində təlimlər həyata keçirdi. İran tərəfi bu addıma qarşı çıxdı. Türkiyənin Xəzər dənizinə çıxışı olmaması bəhanəsiylə bu addımı pislədi və yaxından təqib etdiklərini bildirdi. İradlarında heç bir haqlılıq payı olmayan İran, bununla bir daha anti-Azərbaycan, anti-türk mövqe sərgiləmiş oldu. Ona görə ki, Azərbaycana aid sularda, Azərbaycan dövlətinin rəsmi dəvəti və icazəsi ilə təlimlərdə iştirak etmək mümkündür və beynəlxalq hüquq bunu qeyri-qanuni elan etməyib. Bu tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün keçərli bir faktdır. Üstəgəl, İran və Türkiyə dövlətləri arasında düşmən münasibətlər yoxdur, əksinə qarşılıqlı əməkdaş əlaqələri var. Yəni Azərbaycan dəniz qonşusu İrana qarşı ona düşmən olan hansısa ölkəni dəvət etməyib. Türkiyə-İran münasibətləri düşmən səviyyədə olmuş olsaydı belə, Azərbaycan tərəfi Türkiyə heyyətini İrana qarşı addımlar atmaq üçün çağırmayıb.

Düzdür, İran və Azərbaycan dövlətləri ortaq tarixə, ortaq dəyərlərə malikdir. Hətta İranın şimalında – Cənubi Azərbaycanda milyonlarla Azərbaycan türkü yaşayır. İran azərbaycanlılar üçün həm də, soydaşlarının yaşadığı bir dövlətdir. İki dövlət arasında hər sahədə ciddi əlaqələr mövcuddur. Mehriban qonşuluq siyasəti və qarşılıqlı əməkdaşlıq davam edir. Azərbaycan tərəfi heç bir zaman İran dövlətinin maraqlarına zidd regional addımlar atmayıb. Ancaq bütün bunların qarşılığında İranın keçmişdən davam edən, son zamanlar daha da artan anti-Azərbaycan addımları artıq dözülməz həddə çatıb. Bu narahatlıq tək Azərbaycanın şimalındakı azərbaycanlıları deyil, cənubda yaşayan soydaşlarımızı da əhatə edir.

Bütün anti-Azərbaycan addımların içində daha çox diqqət cəlb edən iki təhlükəli məqam var: “Sulduz tələsi” və “Qarabağ hiyləsi”…

“Qarabağ hiyləsi” düşünürəm ki, bir çoxlarına aydındır. İran tranzit yolları bağlı saxlamaq, Azərbaycanın ən münbit, coğrafi və müdafiə baxımından ən əhəmiyyətli, milli kimliyi nöqteyi-nəzərindən isə, əsas mənəvi hissəsini – Qarabağı Azərbaycandan ayrı salmağa maraqlıdır. Belə olan halda, həm Azərbaycanınm beynəlxalq əlaqələri kifayət qədər inkişaf edə bilməyəcək, həm də daxili inkişafı təmin edilməyəcək. Ermənistan kartını istifadə edərək, Qarabağ əvvəlki illərdə olduğu kimi qeyri-qanuni yollarla İranın gəlir əldə etdiyi məkan olaraq qalacaq. Bütün bunlar, İran üçün qorxunc yuxu olan Azərbaycanı inkişafdan saxlayacaq, Azərbaycan məmləkətinin birləşməsi alınmayacaq, hətta İran üçün xırda problem belə təşkil etməyəcək. Qarabağ məsələsində İran ən az Rusiya qədər maraqlıdır. Təbii ki, Rusiyanın da fərqli maraqları var…

“Sulduz tələsi” isə, İranın Qarabağa alternativ hazırladığı kürd məsələsidir. Qarabağ məsələsində Rusiya tərəfi erməni kartını yaxşı istifadə etdi. Rusiya imperiyası doğru hesablamışdı ki, Azərbaycan və Türkiyənin sərhəd birliyi təmin olunacağı, hər iki dövlətin müstəqil olacağı təqdirdə regionda qarşısıalınmaz güc formalaşacaq. Ona görə də, ölkələrin müstəqillik duyğularını söndürmək mümkün olmasa da, sərhəd birliyini qoparmaq lazım idi. Məhz Azərbaycan ikiyə bölündükdən sonra, Rusiya İrandakı və Osmanlı imperiyasındakı erməniləri Anadolu-Azərbaycan sərhəddinə yığdı, beləliklə orada “proyek Ermənistan dövləti” quruldu. Hətta bununla kifayətlənməyən Rusiya, bölgənin əsas önəmli hissəsi, siyasi-hərbi mərkəzi sayılan Qarabağı da erməniləşdirərək öz imperial maraqlarını bütün mümkün təhlükələrdən sığortaladı. Bunun sayəsindədir ki, bölgədə Rusiyanın bu gün də söz haqqı var və bu haqq kifayət qədər güclüdür.

İndi İran, “Qarabağ hiyləsi”nin sona çatdığını görür. Fərqinə vara bilir ki, müəyyən zaman sonra Qarabağda nə Rusiya təsiri, nə də erməni özbaşnalığı qalacaq. Hətta zamanla Zəngəzur məsələsinin də Azərbaycanın xeyrinə sonlanması ehtimalları güclənir. Cənubi Azərbaycanda milli duyğuların durmadan inkişafı da İranı ciddi qorxuya salıb. Ona görə də, İran “Qarabağ hiyləsi”nə bənzər bir tələ qurmaq planlarını işə salıb. Necə ki ruslar erməniləri istifadə etmişdi, İran da türklərin birləşməsinin önünü almaq üçün kürdləri istifadə edəcək. Yəni məqsəd budur…

Hələ Səddam Hüseyn və ondan əvvəlki İraq liderləri vaxtından İran ilə etnik kürdlərin arasında əlaqələr var. Bu əlaqələr sıradan əlaqələr deyil. Kürdlər İraqda müstəqil dövlət qurmaq xəyallarını reallaşdırmaq üçün İrandan dəstək alıblar. İran isə, səmimi olmasa da, milli maraqları çərçivəsində belə dəstəklər verib. İran ona görə səmimi deyil ki, ona kürd dövlətinin qurulması maraqlı deyil, o sadəcə kürdlərin içindəki müəyyən radikal qrupu “ram edərək” öz məqsədləri uğrunda istifadə edib.

Elə kürdlərin İranda, daha doğrusu Cənubi Azərbaycanda Türkiyə sərhədləri boyunca yerləşdirilməsi bu planların ilk siqnallarıdır. İran illər əvvəl hesablamış olmalıdır ki, bir gün Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə tamamlanacaq, Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik müstəvisinə keçəcək və bölgədə yeni güc formalaşacaq. O güc ki, formalaşmağa başladığı qısa zaman ərzində Qarabağ işğaldan azad edilib, Zəngəzur məsələsi qabardılıb. Ukrayna, Gürcüstan və Mərkəzi Asiyada örnəyə çevrilib. İran yaxşı bilir ki, Cənubi Azərbaycanda da milli duyğuları öldürmək mümkün olmayacaq və bir gün mütləq azadlıq hərəkatı yenidən başlayacaq. Bu hərəkat başladığı zaman İranın iki şansı olacaq: Hələ də Qarabağda seperatizm var olmalı və Türkiyə ilə Cənubi Azərbaycan arasında tampon kürd bölgəsi (lazım olacağı təqdirdə Kürd dövləti) formalaşdırılmalıdır.

Qarabağda seperatizmin davam etməsi ona görə lazımdır ki, Qarabağ problemi var olduqca, Rusiyanın bölgəyə təsir imkanları qalacaq və Rusiya heç bir halda Cənubi Azərbaycanda başlayacaq azadlıq hərəkatının qələbəsinə imkan verməyəcək. Beləcə Cənubi Qafqazda milli maraqlarını Rusiyaya “hədiyyə edən” İran, Cənubi Azərbaycan məsələsini sığortalamış olacaq.

İkinci versiya isə labüddür. Ona görə ki, əgər İranın və Rusiyanın Qarabağ planları alınmasa, yəni Cənubi Azərbaycanda azadlıq hərəkatının yetişdiyi zaman Qarabağda seperatizm problemləri bitərsə, o zaman İran azadlıq hərəkatına məğlub olacaq. Çünki Qarabağdan sonra, Rusiyanın bölgəyə təsir imkanları yox olmasa da, əhəmiyyətli dərəcədə gücünü itirəcək. Dolayısıyla İran meydanda tək qalacaq. Dörd bir tərəfdə, bütün qonşularını özünə düşmən edən İran bu problemi həll edə bilməyəcək. O halda, etnik kürdlərin yerləşdirildiyi bölgə aktuallıq qazanacaq. Çünki kürd məsələsi ilə, İran Qərb dairələrini də qane edəcək. Cənubi Azərbaycan müstəqilliyini əldə edəcək olsa da, tampon bölgədə eyni Ermənistan kimi “proyekt Kürd dövləti”, ən azından “proyekt kürd idarəetməsi” bərqərar olacaq. Bu isə, Zəngəzurdan sonra ikinci belə hal olacaq ki, müstəqil Azərbaycan dövləti ilə Türkiyə dövlətinin quru sərhədləri kəsiləcək.

İran çox ağıllı davranır. Yaxşı gedişlər edir. Ancaq görə bilmədiyi bir reallıq var ki, Rusiyanın və Qərbin ortaq maraqlarına xidmət edən “proyekt Ermənistan dövləti” və “Qarabağ hiyləsi” Türk dünyasının çöküşdə olduğu illərə təsadüf edir. O dövrdə milli kimliyimizi qorumaq belə möcüzə sayılarkən, Ermənistan dövlətinin qurulmasını əngəlləmək mümkünsüz idi. İndi isə, Türk dünyası durmadan inkişaf yoluna qədəm qoyub. Bu yüksələn gücü əngəlləmək üçün ona birbaşa hərbi müdaxilə lazımdır ki, bu müdaxiləni edən tərəf Türk dünyasına zərbə vura biləcəksə də, özünün sonunu hazırlamış olacaq.

Beləliklə, İranın anti-Azərbaycan, anti-türk siyasəti zamanla öz sonuna doğru yol alır…

Həşim Səhrablı

www.yenicag.az

515
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100