İranın Azərbaycanda FƏALİYYƏTİ: “Yatmış agentlər”ini oyadıb…” – RƏY

“Sonuncu əməliyyat son informasiyaların nəticəsi deyil. Bunlar illərlə işlənilir, əldə hazır vəziyyətdə saxlanılır. Onların fəaliyyəti və fəaliyyətsizliyi izlənilir. Ancaq məqam gözlənilir”.

Bunu İranın Azərbaycanda agentura şəbəkəsinin aşkarlanması, onlara qarşı dövlətin atmalı olduğu addımlar və iran cəssualarının işləmə mexanizmi ilə bağlı fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, İran “yatmış agentlərini” oyadıb:

“İran Azərbaycan müstəqillik əldə edəndən bəri Azərbaycan ərazisində bir neçə istiqamətdə fəaliyyət göstərib. Bunlardan birincisi ideoloji istiqamətdir. Bu istiqamətdə məqsədləri budur ki, perspektivdə konstitusiya quruluşunu dəyişib şəriət dövləti yaratsınlar. Burada həm də siyasi çalar var. İqtisadi istiqamətdə də onların fəaliyyəti olub. Biz bəzi məsələləri arxa plana salırıq. Elə bilirik ki, onların hərbi kəşfiyyatları yoxdur. Onlar bizim hərbçilər arasında da kəşfiyyat, agentura şəbəkəsini yaratmaq istiqamətində iş aparıblar. 90-cı illərdə İranın kəşfiyyatına rəhbərlik etmiş Əli Fəllahiyanın dövründə bu işlər maksimum həddə çatıb. Həmin dövrdə Azərbaycanda siyasi gərginlik, hakimiyyət uğrunda mübarizə vardı. Hətta Naxçıvanda bir il müddətinə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti dayandırılmışdı. Belə məsələlərdən onlar istifadə etmişdilər. Onlar maksimum çalışırlar ki, əməkdaşlığa Azərbaycan vətəndaşlarını cəlb etsinlər. Bunu da din bayrağı altında iki formada edirlər. Birincisi açıq fəaliyyətdir, bu kütlədir. Din bayrağı altında Bakı kəndləri, cənub bölgəsi, müəyyən dərəcədə Gəncə, son dövrlərdə Gürcüstanda yaşayan azərbaycanlılar arasında iranpərəstlər mövcuddur. İkincisi isə agentlərdir. İranın xüsusi xidmət orqanlarının bütün dünya üzrə fəaliyyətində “yatmış agentləri” var. Kod adı da “qiyamət günündə” ayağa qalxmaqdır. Bu zaman onlar terror aktları törətməli, ideoloji məsələlərə rəhbərlik etməlidirlər. Bunu zaman-zaman ediblər. Onlar İranda təhsil almağa gedən gənclərdən bu məsələdə istifadə edirlər. Çox təəssüf ki, biz orada yaşayan gəncləri çağırıb burada təhsil almaları və onları ələ keçirmək istiqamətində iş görməmişik. Onlar din pərdəsi altında bu işi görürlər. İran bu şəbəkəni çox genişləndirib.

Böhran vəziyyəti olanda iranpərəstlərin ayaqlanması olur. Qasım Süleymaninin ölümündə bunu gördük. Kütləvi şəkildə onun dəfnində iştirak etmək, Bakı kəndlərində ehsan vermək, eyni zamanda, sosial şəbəkələrdə “mənim generalım”, “mənim şəhidim” adı altında çoxlu sayda paylaşmaları oldu. Bu həmin “yatmış agent” şəbəkəsinin müəyyən dərəcədə fəaliyyətinin üzə çıxması deməkdir”.

Azərbaycan xüsusi xidmət orqanlarının iran agentlərinə qarşı mübarizəsinə gəldikdə isə sabiq DTX zabiti bunları deyib:

“Azərbaycan xüsusi xidmət orqanları son 5-6 ildə əməliyyat şəraitinə yaxşı nəzarət edirlər. Eldar Mahmudovun dövründə bu məsələlər arxa plana atılmışdı. Böhran anlarında xüsusi xidmət orqanları bəzi qadağalar edir, misal üçün saytları bağlatdırır, bəzilərini isə birbaşa ifşa edir. Sonuncu əməliyyat son informasiyaların nəticəsi deyil. Bunlar illərlə işlənilir, əldə hazır vəziyyətdə saxlanılır. Onların fəaliyyəti və fəaliyyətsizliyi izlənilir. Ancaq məqam gözlənilir. Ehtiyat informasiyalar iki dövlət arasındakı münasibətlər pozulmasın deyə saxlanılır, ancaq qarşı tərəf təhdid və ya hansısa formada hərəkət edəndə Azərbaycan tərəfi də dərhal əks təsir edir. Rusiya diplomatlarını hansısa ölkə qovanda, Rusiya da dərhal həmin ölkənin diplomatlarını qovur. Çünki əllərində faktlar var, onu saxlayırlar. Bizdə də elədir. Ötən ilin payızında da İranla Azərbaycan arasında böhran yaşandı. Onda da Dövlət Təhlükəsizlik Xidməti iki nəfəri həbs etdi. İndi də böhran dövrdür və əks həmləmizdir.

İranın əlinin güclü olmasının səbəbi dindir. Biz artıq buna qarşı din vasitəsi ilə də cavab verməliyik. Yeri gəlmişkən, Şeyx hacı Allahşükür Paşazadənin son müsahibəsi müəyyən mənada müsbət rol oynadı. Şeyx bildirdi ki, Azərbaycanda dindarları, din xadimlərini oyunlarına cəlb edə biləcəklərini düşünməsinlər. Azərbaycan dövlətçiliyi dindarlar üçün də keçərlidir. Azərbaycan dövlətçiliyi daha öndədir, nəinki İranın şiə məzhəbçiliyi adı altında Azərbaycana qarşı törədə biləcəyi təxribatlar.

Azərbaycanın xüsusi xidmət orqanlarına onların hansı istiqamətdə işlər görməsi detallarına qədər məlumdur. İran son bir ay ərzində Azərbaycana qarşı elə fəaliyyət aparır ki, özlərinin Ermənistanla münasibətlərinin qızıl dövrünü yaşadıqlarını deyirlər. Ermənistanla İran arasındakı münasibətlər Azərbaycana qarşı yönəlib. Heç biri İranın iqtisadi və ya digər maraqlarına yönəlməyib. Bütün yönəlmələr Azərbaycana qarşıdır. Bunlar hamısı təzyiq vasitəsidir”.

Səxavət Məmməd