“İsrail-HƏMAS hərbi toqquşmasından ruhlanaraq belə düşünürlər ki, fürsətdən istifadə edib Bakı ilə Tel-Əviv arasında münasibətlərə zərbə vura bilərlər”.
Bu fikirləri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus kanallarda Azərbaycana yönəlik təhdidlərin yenidən vüsət almasını dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, SEPAH malik olduğu imkanlar vasitəsilə Azərbaycanın daxilində xaos yaratmaq niyyətindədir:
“Bu, SEPAH-a məxsus kanallardan Azərbaycanın təhdid olunmasına dair ilk hal deyil. İndiki məqamda bu təhdidlərin motivi kimi, Azərbaycan-İsrail münasibətlərini önə çəkərək Azərbaycanı hədələyən fikirlər, videoçarxlar yayımlayırlar.
Onlar bununla Azərbaycan daxilində müəyyən qruplara sanki mesaj verirlər. Bu da onu göstərir ki, həmin qüvvələr ölkədə xous yaratmaq niyyətindədirlər. Azərbaycanla İran arasında müəyyən gərginliklər zaman-zaman baş qaldırıb. Ancaq son vaxtlarda münasibətlərin normallaşmasına meyllər hiss olunurdu.
İran tərəfi prezident və xarici işlər naziri səviyyəsində bu istiqamətdə müəyyən fikirlər səsləndirərək gərginliyin aradan qaldırılmasının vacibliyinə vurğu edirdilər.
Ancaq görünür, İranın hakim elitasının daxilində də ciddi ziddiyyətlər mövcuddur.
Özü də SEPAH sadəcə, Azərbaycanı təhdid etmir. Həmçinin İran daxilindəki müəyyən qruplara da mesaj verir ki, Azərbaycanla yaxınlaşma nəyə gətirib çıxara bilər. Bu yaxınlaşmanı istəməyən qüvvələr münasibətlərdə gərginliyin artmasında, hətta proseslərin hərbi eskalasiyaya qədər inkişafında maraqlıdırlar.
Onlar elə bil, İsrail-HƏMAS hərbi toqquşmasından ruhlanaraq belə düşünürlər ki, fürsətdən istifadə edib Bakı ilə Tel-Əviv arasında münasibətlərə zərbə vura bilərlər. Lakin bu cəhdlərin heç bir mənası yoxdur. Azərbaycan onunla təhid dilində danışmaq mümkün olan ölkə deyil. Düşünürəm ki, bütün bunların cavabı layiqincə veriləcək və bütün pozuculuq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq”.
Səxavət Məmməd