İranın Azərbaycandakı dini “BARMAĞI”: “Tehran rejimi tərəfindən idarə olunan…” – ŞƏRH

“İran bu gün həbsdə olan Taleh Bağırzadə üzərindən öz çirkin siyasətini davam etdirir”.

Bu sözləri Tehran rejiminin Aərbaycana qarşı sərgilədiyi məzhəbçi cihada münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv siyasət və məzhəbçi cihad, əslində, heç də yenilik deyil:

“İran molla rejimi Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları bu gün Azərbaycana da tətbiq etmək istəyir və bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır.

Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun araşdırmaları nəticəsində bəlli oldu ki, Taleh Bağırzadə 68 nəfər tərəfdarı ilə demokratik dövlət modelini dəyişmək və şəriət qanunları ilə idarə olunan rejim qurmağı hədəf seçib. Bu məqsədlə o hətta gizli silahlı qruplar yaradıb. Bu mənzərə eynilə Tehran rejimi tərəfindən idarə olunan Yaxın Şərq ölkələrindəki radikal cərəyanların taktikasının təkrarı idi.

Prinsip etibarilə İran bu gün də həbsdə olan Taleh Bağırzadə üzərindən öz çirkin siyasətini davam etdirir. İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşdirməsinin əsas səbəbi isə 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi və Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, üstəlik, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir.

Artıq Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir. Məhz buna görə də Azərbaycanın maraqlarının əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir.

İranın məzhəb siyasətinə qarşı rəsmi Bakının Cənubi Azərbaycan məsələsini qaldırmalı olduğunu təklif edənlər var. Hesab edirəm ki, bu, doğru yanaşma deyil.

Rəsmi Bakı heç vaxt Tehranın təxribatçı siyasətinə cavab olaraq cənublu soydaşlarımızın qanının axmasına yol verə bilməz”.

Gülşən Şərif

COP29