“İranın bu mövqeyini kriminal fəaliyyətlə məşğul olan qruplar formalaşdırır” – ŞƏRH

“Rusiya üçün Zəngəzur dəhlizi və ona nəzarət həm iqtisadi, həm də siyasi baxımdan çox vacibdir”.

Bunu Zəngəzur dəhlizi ətrafında gedən proseslərdən danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi məntiqsizdir:

“Açıq şəkildə siyasi proseslərin baş verdiyini görürük. Hesab edirəm ki, İranın mövqeyinin də dəyişməsini gözləməliyik. Çünki onların mövqeyi məntiqli göünmür. Zəngəzur dəhlizi açılan zaman tranzit çoxalacaqsa, bu o deməkdir ki, o yüklər təkcə Türkiyə, İran üçün yox, həm də Fars körfəzi ölkələrinə, Hindistana, Pakistana daşınacaq. Ona görə də İranın mövqeyi məntiqsizdir. Daha doğrusu, o mövqeyə təsir edən hansısa siyasi qruplar var. Biz bilirik ki, o yollarla narkotik kontrabandası baş verir. Hesab edirəm ki, İranın bu mövqeyini hansısa kriminal fəaliyyətlə məşğul olan qruplar formalaşdırır. Təbii ki, bu, uzun müddət davam edə bilməz.

O ki qaldı Qərbin mövqeyinə, başa düşməliyik ki, bu, ümumi Qərb-Rusiya qarşıdurmasıdır. Burada vəziyyətin kəskin olması ehtimallardan biridir. Hamı başa düşür ki, Zəngəzur, daha dəqiq desək, cənub istiqaməti Rusiya üçün daha strateji önəm kəsb edir. Çünki istər-istəməz sanksiyalar nəticəsində Qərbin Rusiya üçün bağlanması onu məcbur edəcək ki, öz iqtisadi fəaliyyətini cənuba və şərqə doğru qursun. Burada Zəngəzur mövzusu gündəmdə olacaq.

Burada digər prosesi də görməliyik. Ermənistanın gələcəkdə Rusiyanın təsirindən çıxıb Qərbə getməsi güclənən xətlə inkişaf edir. Çünki Rusiyanın mövcud bazası Ermənistanı hər zaman dəstəkləməyə imkan vermir. Ermənilər də, təbii ki, Qərbyönümlü bəyanatlarını, siyasətlərini gücləndirirlər. Ancaq bu vəziyyətdə ortaya əsas sual ortaya çıxır: Əgər Ermənistan Qərbə tərəf getsə, Zəngəzurla gedəcək, yoxsa yox? Hesab edirəm ki, bu, çox aktual məsələdir”.

Səxavət Məmməd