“İranın daxilində baş verən proseslərdən böyük güclər istifadə edəcək” – ŞƏRH

“İran günahı başqa ölkələrdə axtarmaqdan əl çəkib, daxilində etdiyi səhvi baxmalıdır”.

Bunu İranda baş verən hadisələr, İranın İraq ərazisinə raket zərbələri endirməsi və Kürdüstan proyektinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, İranın daxilində baş verən proseslərdən böyük və maraqlı güclər istifadə edəcək:

“Hansısa bir ölkədə bir hadisə baş verərkən başqa qüvvələr öz maraqlarına uyğun həmin prosesdən istifadə etməyə cəhd edəcək. İndiki halda kürdlər kifayət qədər təşkilatlanıb, aktivdilər və xarici qüvvələr tərəfindən həm İrana, həm Suriyaya, həm də Türkiyəyə qarşı istifadə olunurlar. Bu hadisədən onların öz xeyrinə istifadə etməsi təbiidir.

İran özünə baxmalıdır ki, harda səhv buraxıb. Xalq niyə görə tez-tez küçələrə çıxıb, rejimin istefası üçün şüarlar deyir. İran bunu araşdırmalıdır. İran günahı başqa ölkələrdə axtarmalı deyil”.

Səxavət Məmməd