İranın dollardan imtinası nə vəd edir?

“İran xarici ticarətdə dollardan imtina edir”.

Yenicag.az məlumat verir ki, bu barədə  Mərkəzi Bankının sədri Vəliyullah Seyfi məlumat verib. O, cari ildən başlayaraq İranın xarici ticarətini ancaq avro ilə aparacağını vurğulayıb.

Qeyd edək ki, Donald Tramp adminstrasiyası İranı yenidən sanksiyalara məruz qoymaq istəyir. Bu fonda da Tehran ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində olmadığını bəyan edir. Onu da vurğulayaq ki, son günlər İran milli valyutası bir dollara nisbətən mövqeyini daha da itirərək 6,2 min rialı belə keçib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında İranın xarici ticarətdə dollardan imtinası ancaq qısa müddətli dövr üçün müəyyən məna daşıya biləcəyini bildirib. Həmsöhbətimizin fikrincə, uzun müddətli dövr üçün isə belə bir qərarın qüvvədə saxlanılmasının ölkəyə xeyri olmayacaq:

“Hazırda bildiyinmiz kimi, İranın valyuta bazarlarında ciddi gərginlik müşahidə olunur. İran rialının xarici valyutalara, xüsusən də dollara nisbətən məzənnəsini qorumaq mümkün olmur. Onun nəticəsidir ki, İran rialı dəyərsizləşir. Bunun nəticəsi olaraq İran Mərkəzi Bankı xarici valyutaya olan tələbi azaltmağa çalışır. Onu da qeyd edək ki, İranın əsas xarici tərəfdaşlarından biri də Avropa Birliyi ölkələridir. İran nefti də əsasən bu məkana satılır.

Bu ölkələrlə ticarəti İran avro ilə aparır. Bu mənada İran üçün avroya çıxış imkanları dollarla müqayisədə nisbətən genişdir. İran həqiqətən də təkcə dollara fokuslanmalı deyil. Tehran valyuta bazarlarında avroya tələbi artırmaq və dollara tələbi müəyyən qədər aşağı salmaq yolu ilə məzənnəni qorumağa cəhd edir. Bu addım da qısa müddətli dövr üçün taktiki gedişlərdir. İran həmçinin ölkə vətəndaşlarının 10 min ABŞ dollarından artıq yığımlarını məhdudlaşdırdı. Bütün bunlar da hazırda bazarda müşahidə edilən tələbin aşağı salınmasına hesablanıb. Düşünürəm ki, uzunmüddətli dövrdə yenidən dollarla ticarətə qayıdış baş verəcək. Dollardan birmənalı imtina mümkün deyil.

Bunu hər bir dövlət başa düşür. Bu mənada İran da nə qədər çalışsa da, birdəfəlik olaraq dollardan imtina edə bilməyəcək. Lakin bununla belə İranın valyuta ehtiyatları və gəlirlərinin strukturunda avronun həcminin müəyyən qədər çox olması bu ölkə üçün idxal imkanları yaradır. Çünki avronun özü də  əksər istehsalçılar tərəfindən qəbul olunan valyutadır. Avronun məzənnəsi hazırda möhkəmlənməkdə davam edir. Bu da İranın əsas xarici ticarət tərəfdaşları ilə münasibətlərinə o qədər də təsir göstərməyəcək”.

ELÇİN