İran Ermənistana Zəngəzurda hərbi baza yerləşdirmək niyyətini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Tehran rəsmi İrəvana xəbərdarlıq edərək Zəngəzurda hərbi baza yaratmaq istədiyini, bununla da təhlükəsizliyinə zəmanət verəcəyini bildirib.
Nəşrin həmin yazısından əsas məqamları təqdim edirik:
“Bəzi məlumatlara görə, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri gərgin atmosferdə keçib.
Rəsmi Tehran Rusiyanı Ermənistandan çıxarmaq niyyətində olan yüksək rütbəli erməni məmurlarının başına soyuq su töküb.
Avropalı müşahidəçilər təxminən bir il əvvəl Ermənistana göndərilib, missiyası hələ də bəlli deyil.
Çünki Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir, toqquşmalar baş verir. Bu isə o deməkdir ki, müşahidəçilərin olması mənasızdır.
Ancaq mənbələrimizdən öyrəndik ki, İran prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşdə xəbərdarlıq edib.
Rəisi deyib ki, Rusiya Ermənistanı tərk etdikdən sonra təhlükəsizliyin təmin edilməsi “bəhanəsi” ilə Qərb qüvvələrinin Ermənistanda cəmlənməsinə ümid etsək, onda İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək.
O, açıq şəkildə təklif edib ki, əgər biz Rusiya ilə müttəfiqlikdən imtina etsək, İran Ermənistanın təhlükəsizliyini təmin edə bilər.
Məhz bu səbəblərə görə Sünikdə (Zəngəzur – red.) İran hərbi bazasını yerləşdirməyi təklif edir.
Qeyd edək ki, rəsmi Tehran bu ultimatumu gizlətməyib. Hətta İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşlə bağlı mesajda söhbətin bəzi fraqmentləri yer alıb.
“Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar qüvvələrin olması ilə razılaşmırıq. Və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, hətta ölkələr və hökumətlər üçün daha böyük problemə çevriləcək”, – İran prezidenti Rəisi bildirib.
Maraqlıdır ki, rəsmi İrəvan səfər zamanı iqtisadi əməkdaşlıq məsələlərini önə çəkib. Hökumətin saytında səfərlə bağlı məlumatda regional və təhlükəsizlik məsələlərinə çox az yer ayrılıb.
Rəsmi bəyanatda İranın Ermənistan hakimiyyətinin siyasəti ilə açıq-aşkar kəskin fikir ayrılığına ümumiyyətlə toxunulmayıb.
Məsələ burasındadır ki, erməni xalqı İranın əhəmiyyətini, xüsusən də Zəngəzur məsələsində yaxşı bilir.
İran bəyan edir ki, Ermənistanın suverenliyini qoruyur, yəni dəhlizlərə qarşıdır.
Qərbin tələbi ilə Rusiyanın Ermənistandan qovulmasından sonra Türkiyə Ermənistana girir, sonra İran açıq şəkildə Ermənistanın təhlükəsizliyini təmin edəcəyinə söz verir. Yəni Ermənistana görə Türkiyə ilə qarşıdurmaya gedəcəyinə söz verir”.
Xuraman Etibarlı