Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İranın Qərb ilə olan dərin ayrılıqları və uçurumları yerindədir”

 “Güney Azərbaycan milli hərəkatı getdikcə güclənir”

 cohraqanliGüney Azərbaycan Milli Hərəkatının liderlərindən biri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının gənəl başqanı Mahmudəli Çöhrəqanlı ilə müsahibə

“Biz də – Azərbaycan Oğuz türkləri birliyimizə qovuşacaq və başqa soydaşlarımızla güc birliyinə doğru sağlam addımlar atacağıq”

“Ayətullah Xamneyi iş başında olduqca İran rejiminin Qərbə və dünyaya sərgilədiyi çizginin dəyişməsi söz qonusu deyildir”

 – İrandakı son seçkilərin nəticələrini necə qiymətləndirirsiniz? Bu seçkilərin İranın hazırki beynəlxalq münasibətlər sistemindəki yerinə təsiri necə olacaq. Eyni zamanda, qeyri-fars millətləri, o cümlədən Azərbaycan türkləri üçün nə vəd edir?

– Bu son seçimlərdə reformistlərin daha güclü performans göstərməsi Xamneyini rahatsız edib Xatəmi ilə Rəfsəncani kimi qüvvələri sevindirsə də, pərdə arxasında reformistlərlə mühafizəkarların Fars olmayan millət və etniklərə qarşı istismarçı və assimilyasya siyasətləri eynidir; buna görə Güney Azərbaycan türklərinin real mənada bir qazancı yoxdur. Özlərini reformist olaraq adlandıran bu zehniyyətin Güney Azərbaycana qarşı baxışı eyni irqçi və anti-Türk elementləri içərməkdədir. Ayrıca İranda ən üst məqam hesab olunan dini lider nə qədər ki, yerindədir, onun əmrində olan Sepah və yandaşları ölkəni hüquq və siyasət yerinə daha çox silah gücüylə idarə etməkdədirlər. Bütün bunları göz önünə alanda seçkilərin nəticələrinin boş və real effekti olmayan bir gəlişmə olduğu açığa çıxmaqdadır.

–  Bəzi müşahidəçilər İİR-ABŞ münasibətlərinin nisbi sıcaqlaşması fonunda Azərbaycan türklərinin milli mücadiləsi ilə bağlı bədbinliyə qapılırlar. Sizin bu cür fikirlərə münasibətiniz.

– Yuxarıda da vurğuladığımız kimi, indilik İran dini lideri Xamneyinin əmrində olan İran İnqilab Keşikçiləri və onun yan orqanları müvəqqəti olaraq üzdə siyasətlərini yumşaldan kimi göstərsələr də, İran rejiminin Qərb ilə olan dərin ayrılıqları və uçurumları yerindədir və pərdə arxasında dəyişən bir xüsus yoxdur. Ona görə durum babalarımız demişkən, “eyni tas, eyni hamamdır”. Ayətullah Xamneyi iş başında olduqca İran rejiminin Qərbə və dünyaya sərgilədiyi çizginin dəyişməsi söz qonusu deyildir. Güney Azərbaycan milli hərəkatımıza gəldikdə isə dəyişən ciddi bir faktor yoxdur; yurdu işqal edib millətimizi əsir etmiş düşmən eyni düşməndir və bizlər də millətimizin oyanışı və yurdumuzun qurtuluşu üçün əlimizdən gələni hər zaman olduğu kimi əsirgəməyəcəyik.

– İran rəhbərliyi  Azərbaycan türklərinə münasibəti nə qədər mənfi münasibət bəsləyirsə, kürd azlığına bir o qədər isti münasibət sərgiləyir. Halbuki kürd liderləri Mahabad Respublikası bayrağının yenidən dalğalanacağı ilə bağlı dəfələrlə mesajlar veriblər. Belə olan təqdirdə, İran rejiminin milli maraqlarına zidd siyasi kurs daşıyıcısı olan kürdlərə yol verməsinin səbəbini necə izah edərdiniz?

– Bildiyiniz kimi, İran rejiminin Kürdüstan Demokrat Partiyası, PEJAK və KOMOLƏ təşkilatı ilə on illərlə qanlı savaşları olmuş və bu savaşlarda İran silahlı qüvvələrinin yüksək rütbəli zabitləri öldürülüblərÖzəlliklə xarici güclərin İraq və Suriyaya müdaxilələri ile meydana çıxan yarı müstəqil Kürd siyasi sistemləri İran rejimini ciddi şəkildə düşündürməkdədir. Ona görə rejim çalışır ki, öz kürdlərini bir şəkildə əlində və səfində saxlaya bilsin. Məsələn, çalışır ki, kürdlərin Quzey İraqda olan bölgəsəl Kürd yönətiminə maraqlarının qabağını alsın və yuxarıda adını çəkdiyimiz örgütlərə qatılma meyllərini aradan qaldırsın. Buna görə də siyasət olaraq bəzi vədlər verməkdədir. Ayrıca da Türkiyədə kürdlərin ana dilində təhsil alma  imkanlarının yaranması, TV və radio kanallarının olmaları və mövcud Türkiyə idarəçilərinin köməyi ilə haradasa federal sistemə yaxın bir düzəndə yaşamalarını göz önündə tuttuğumuzda, Fars rejimi də bəzi oxşar avanslar verərək kürdləri kontrol altında tutmaq niyyətindədirlər.

– Güney Azərbaycan milli hərəkatının perspektivini necə görürsünüz?

– Güney Azərbaycan milli hərəkatı getdikcə güclənir. Millətimiz oyanmaqda, oyanış dedikdə, bu mənaya gəlməkdədir ki, ulusumuz öz dost və düşmənlərini yaxşı tanımaqda, tarixlərini yaxşı analiz edəbilmə qabiliyyətini əldə etməkdə və özü özünü idarə edə bilməsi üçün gərəkli olan şəraitləri olduğu kimi anlayıb mümkün olduğu qədər sürətlə bu istiqamətdə irəliyə doğru addımlamaqdadır.

Bir misal verməliyəm ki, Güney Azərbaycanda dəyişən ictimai-siyasi durum daha aydın olsun. Bundan başlayaq ki, 20 il öncə Təbrizimizin “Tiraxtur” futbol komandasının, məsələn, fars komandası olan “Perspolis” ilə oyunlarında milli şüarların səsləndirilməsini bir yana qoyun, azarkeşlər və tərəfdarlar açıqca utanırdılar ki, “Tiraxtur”u oyunlarda dəstəkləsinlər və hətta “Perspolis”i dəstəkləməklə kifayətlənirdilər. Millətimiz dərin bir ölüm yuxusunda idi və Güney Azərbaycan sanki ucu-bucağı bəlli olmayan böyük bir qəbristan idi. Onun damarlarına düşmən və irqçi fars rejimi çeşidli assimilyasiya iynələri vurmuş və onu türklüyündən çıxartmağı və manqurdlaşdırmağı hədəfləmişdi. Bu ağır assimilyasiya  və farslaşdırma politikaları millətimizə və onun hafizələrdə olan kimliyinə, dilinə, və maddi-mənəvi bütün varlığına ölümcül zərbələr endirmişdi.

1995-ci  ildə başlatdığımız Güney Azərbaycan Milli Oyanış Hərəkatı və bu platformda canları və malları ilə əmək verən milli qəhrəmanımız Şəhid Mühəndis Qulamriza Əmani və ona bərabər minlərlə adını bildiyimiz və ya adsız Güney Azərbaycanımızın oğul və qızlarının mübarizəsi sayəsində bu gün Güney Azərbaycan bambaşqa bir milli-siyasi atmosferdədir. “Tiraxtur” bu gün milli hərəkatın əsas sütunlarından və cəbhələrindən biri halına gəlmişdir. Düşünün ki, 70 min tərəfdar var, 35 min bir tərəfdə, 35 min də qarşısında, “Azərbaycan var olsun, istəməyən kor olsun” səsləri bir stadionu və işğalçı rejimin bağrını titrətsin. Bu bir reallıqdır və bunun səbəbi yuxarıda qeyd etdiyimiz milli oyanış hərəkatımız və millətimizin şərəfli oğul və qızlarının fədakarlığıdır.

Bakıda olanda məndən soruşurdular ki, Quzeyimizdə milli hərəkatın adı “azadlıq” idi, bəs Güney Azərbaycanda milli hərəkatın adı nə olacaq? Şəhid Qulamriza Əmanilər və onun kimi qəhrəmanlarımızla Təbrizdə evimizdə “oyanış” sözü üstündə duruldu ki,  bu qutsal çağırış millətimizi elmə, bilimə, məntiqə və türklüyünü mənimsəməyə çağırırdı. Milli oyanış hərəkatımız bütün zorluqlara baxmayaraq ayaqdadır və öz doğru yolunda irəliləməkdədir. Dünya və bölgəmizin vəziyyəti ortadadır və əngəllərin varlığı bir reallıqdır. Ancaq Güney Azərbaycan türklüyü bu gün türk toplumları içində milli və siyasi şüuru və bilinci ən yüksək səviyyədə olanıdır. Ona görə müddətlə bağlı konkret bir bir söz deyə bilməsək də Güney Azərbaycanımız da Tanrının izni və millətimizin əzmi və mübarizəsi ilə öz ayaqları üstündə duraraq istismarı dəf edəcəkdir. Hədəfimiz əlbət ki, özgür Güney Azərbaycan və ən qısa zamanda bütöv Azərbaycandır. Yuxarıda vurquladığımız kimi, bu bir az uzun sürər və ya daha tez gerçəkləşər. Bütün bunlar zaman fərqidir, amma dəyişə biləməyəcəyimiz fakt budur ki, millətimiz nə istərsə, o olacaqdır və biz də Azərbaycan Oğuz türkləri birliyimizə qovuşacaq və başqa soydaşlarımızla güc birliyinə doğru sağlam addımlar atacağıq.

Söhbətləşdi: Azər Sarıyev

Loading...

www.yenicag.az

629
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100