İranın Qərblə münasibətlərində nəbz YOXLAMASI: Rəsmi Tehran nüvə doktrinasına yenidən baxacaq

“Trampın yenidən ABŞ prezidenti seçilmək şansının yüksək olduğunu nəzərə aldıqda ABŞ-İran arasında münasibətlərin gərgin olaraq qalacağını söyləmək doğrudur”.

Bunu Yenicag.az-a açıqlamasında İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazinin ölkəsinin nüvə doktrinasına yenidən baxacağı ilə bağlı səsləndirdiyi bəyanatı şərh edən politoloq Nazim Cəfərsoy deyib.

Onun sözlərinə görə, İranın bu addımı Qərblə münasibətlərdə nəbz yoxlama siyasəti kimi də şərh edilə bilər.
“Həmçinin gözdən pərdə asmaq üçün də belə bəyanat səsləndirilməsi mümkün ehtimallar sırasındadır. Uzun müddətdir ki, İranla ABŞ arasında münasibətlər gərgindir. Hazırda da eyni fazada qalmaqdadır. Qarşıdan isə ABŞ-də prezident seçkiləri keçirilməsi prosesi yaxınlaşır. Keçmiş prezidenti Donald Trampın şansının yüksək olduğunu nəzərə aldıqda ABŞ-İran arasında münasibətlərin gərgin olaraq qalacağını söyləmək doğrudur.

Müsbət bəyanatlar səsləndirmək doğru addımdır, lakin əməldə göstəriləcəksə. İranın isə açıqlamaları sadəcə söz olaraq qalır. Xarazinin səsləndirdiyi fikirlər ali rəhbərlə müzakirə olunub. Məqsəd, təbii olaraq, Qərbin nəbzini yoxlamaqdan ibarətdir. İranın daxili problemlərinin böyük olduğu nəzərə alındıqda Qərblə yumşalma siyasətinin aparılması vacibdir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29