“Nəzərə alınmalı məsələlərdən biri də İranla Pakistanın Çinlə yaxşı münasibətlərə malik olmasıdır”.
Bu fikirləri İran və Pakistan arasında yaranan gərginliyin mümkün inkişafı barədə danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında müşahidə olunan gərginliyə baxmayaraq, İranın Pakistanla müharibəyə girəcək potensialı yoxdur:
“İlk olaraq, Pakistanın nüvə dövləti olduğunu nəzərə almaq lazımdır. Bu məsələ kifayət qədər ciddiyə alınmalıdır. Çünki hazırda dünyada çəkindirmə siyasətində nüvə amili əhəmiyyətli rola mlaikdir.
Əlavə olaraq, Pakistan ordusu İranla müqayisə edildikdə, üstünlüyə sahib olmaqla yanaşı, texnikalarının müasirliyinə görə də seçilir. O baxımdan, münaqişənin müharibəyə çevrilmə potensialının zəif olduğunu düşünürəm.
Düzdür, İranın Pakistana qarşı ərazi iddiaları mövcud olub. Ancaq onun indiki vəziyyətində Pakistanla qarşı-qarşıya gələcək gücü yoxdur. Eyni zamanda, nəzərə alınmalı məsələlərdən biri də hər iki ölkənin Çinlə yaxşı münasibətlərə malik olmasıdır.
Yəni İran və Pakistan arasındakı mövcud gərginlik Çinə sərf etmir. Başqa sözlə, İranla Pakistan arasında yaranacaq toqquşma Çin investisiyasına ziyan vura bilər. Bu səbəbdən, münaqişənin artan xətlə inkişafına icazə verilməyəcək. Konkret desək, yaranmış gərginlik qısa müddət ərzində ortadan qaldırıla bilər”.
Nəsimi Ələsgərli