İranın vurulması GÜNDƏMDƏ: “Tramp nə qədər dəli olsa da…”

“İrana zərbələr endirsələr, onun da zərbə endirmək imkanları var”.

Bu fikri İranın nüvə obyektlərinin ABŞ və İsrail tərəfindən vurulacağı barədə iddiaları Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, İranı işğal etmək mümkün deyil:

“İranın ABŞ və İsrail tərəfindən vurulması bütün dünya üçün yaxşı heç nə vəd etmir. Bu göstərəcək ki, ABŞ-nin rəhbərliyinə gəlmiş adam beynəlxalq hüquqla, qanunlarla hesablaşmır, təcavüzkar İsraillə birgə hərəkət etməyə məcburdur. Əgər İranın nüvə obyektləri vurulsa, təbii ki, hərbi üstünlük ABŞ və İsrail tərəfindədir. Təkbaşına döyüşsələr, İran İsraili əzər. Ancaq İsrail öz arxası ilə hamisini dartıb gətirir”.

Analitik əmindir ki, klassik müharibəni yalnız Rusiya Ukrayna arasında görürük:

“Digər müharibələr dəfələrlə üstün qüvvənin zəif ölkəni əzməsi ilə səciyyələnir. ABŞ Əfqanıstana hücum edəndə Əfqanıstanın ordusu yox idi, sadəcə partizan dəstələri var idi. Sonradan həmin partizan dəstələri ABŞ-ni məğlub etdi. İraqa hücum edəndə koalisiya yaratmışdılar. Onların birgə gücü İraq ordusunun gücündən dəfələrlə çox idi. Üstəlik, İraq ordusunun generallarını pulla almışdılar”.

Z. Əlizadənin fikrincə, İranı ABŞ-nin hərbi hava, hərbi dəniz qüvvələri və İsrailin aviasiyası məğlub edə bilər:

“Ancaq bu İranın işğalı demək deyil. İran İraq deyil. Əgər ABŞ və İsrailin quru qoşunları İrana daxil olmaq istəsə onun sonu çatacaq. İran xalqı döyüşəcək. İrana zərbələr endirsələr, İranın da zərbə endirmək imkanları var. Unutmaq olmaz ki, İranın əli çatan Küveytdə, Səudiyyə Ərəbistanında, Bəhreyndə, İraqda, Suriyada ABŞ hərbi bazaları yerləşir. İran onlara zərbələr endirəcək. Belə olan halda, ABŞ minlərlə hərbçi itirə bilər. Tramp “sülh gətirəcəyəm” dediyi halda, eyni zamanda, “Böyük İsrail” qurmaq istəyən İsrailə qoşulub müharibəyə başlasa, bu, onun üçün də yaxşı olmayacaq. Düşünmürəm ki, Tramp nə qədər dəli də olsa, İsrailin dalınca sürünüb sərgüzəştə baş qoşsun”.

Səxavət Məmməd