“Bu gün regionda baş verənlər bölgədə, daha doğrusu, Yaxın Şərqdə Səddam Hüseynin süqutu ilə başlayan İran erasının dalana dirəndiyini göstərir ki, bu həm Yəmən, həm Suriya, həm də İraq, həm də Livanda öz əksini tapıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib.
Politoloq son günlər İranla İsrail arasında gərginləşən münasibətlər fonunda sonuncu İran şahı Məhəmməd Rza şahın oğlu Rza Pəhləvinin İranda molla rejiminə qarşı çevriliş həyata keçirməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. R.Hafizoğlu xatırladıb ki, İsrailin həyata keçirdiyi peycer əməliyyatları, sadəcə, Həsən Nəsrullah və rəhbərlik etdiyi “Hizbullah”ın məhvi üçün hədəflənməmişdi: “Burada uzun vədəli strateji planlar yer alırdı ki, İsrail bunu bacardı. Peycerlərin Livana soxulması, əslində, İranın Suriya, Livan və İraq ərazisində olan dəhlizlə bu ölkəyə çatdırılıb. Əsas məsələ budur ki, bunu həyata keçirən kimdir? İsrail peycer əməliyyatlarını həyata keçirməklə İran və onun proksi qüvvələri arasında etibarlılığı qopardı. Bu məsələ bu gün aktiv şəkildə özünü göstərməsə də, əslində, gələcəyə yönəlmiş zərbə idi”.
Onun sözlərinə görə, İran toplumu araşdırılanda, orada Pəhləvi rejimi üçün darıxanların sayının çox olduğu görünür: “Amma Məhəmməd Rza şah Pəhləvinin oğlu Rza Pəhləvinin İrandakı rejimi devirməsi məsələsi sual altındadır. Bundan başqa, İsrailin də bunu etməsi mümkünsüzdür. Bu məsələlərdə obyektiv olmaq lazımdır. İranda, əsasən, fərqli millətlər mövcuddur və onların çoxu Cənubi Azərbaycan türkləridir. Türklərdən sonra burada etnik ərəblər, əhvazlar, kürdlər, türkmənlər, bəluclar və digər millətlər yaşayırlar. Düşünürəm ki, heç bir halda bu xalqların dəstəyi olmadan İranda hansısa bir çevriliş, daxili çaxnaşma və yaxud İsrailin əli ilə molla rejimin dəyişdirilməsi mümkün deyil. Amma bu gün həm İsrail, həm də İranın nəyi gözləməsi məsələsinin üzərinə fokus etmək lazımdır”.
O, diqqətə çatdırıb ki, İranda sabiq prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra növbədənkənar prezident seçkiləri keçirildi və islahatçı qanadın üzvü sayılan Məsud Pezeşkian hakimiyyətə gəldi: “Bir çoxları artıq sevincindən düşünürdülər ki, İranda türk əsri yaşanacaq. Lakin bu, bir az absurd yanaşmadır. Ona görə ki, məsələ gərgin və daha qəlizdir. Unutmamalıyıq ki, İranda hər nə qədər prezidentlik postu olsa da, prezidentin səlahiyyətləri hər zaman ali dini liderin səlahiyyətlərini aşa bilmir. Bu baxımdan, prezidentin kim olması önəmli deyil. Önəmli olan ali dini liderin pis və ya yaxşı qərar qəbul etməsidir”.
R. Hafizoğlu əlavə edib ki, Bu gün İranın qarşısında olan çox ciddi problemlərdən biri Ayətullah Seyid Əli Xameneinin ölümündən sonra ali dini liderlik vəzifəsinin kimə veriləcəyi məsələsidir: “Hər kəsin gözlədiyi və maraqla izlədiyi proses budur ki, Xameneidən sonra ali dini lider kim olacaq? Onun ölümü İranda daxili çəkişmələrə səbəb olacaqmı? İrandakı türklər buna etiraz edəcəklərmi? Eləcə də İranda sayları olduqca aşağı göstərilən sünni-müsəlman qruplaşmalar bunu qəbul edəcəklərmi? Əslində, məsələnin kökü bundadır və İranı daxildən parçalamaq Qərbin maraqlarına xidmət edən amillərdən biridir. Düşünürəm ki, bütün bunlara baxmayaraq, Rza Pəhləvi İranda hər hansısa bir çevriliş etsin. Doğrudur, İranda bütün proseslər başa çatdıqdan sonra şah oğlu İrana gələ bilər. Amma Pəhləvi sülaləsinin bu gün İranda hansısa çevriliş etmə cəhdlərini mənasız qəbul edirəm”.
Rafi Müslümov