İranla Ermənistanı birləşdirən TERROR: “Azərbaycanda şiələrə qarşı təzyiqlər var” bəhanəsi ilə…” – Sabiq deputatdan SENSASİON AÇIQLAMA
“İslam dinini təhqir edən Ermənistanı özünə dost hesab edən İranın İslam dəyərlərindən, İslam həmrəyliyindən danışmağa haqqı yoxdur”.
Bu sözləri İranın anti-Azərbaycan fəaliyyəti ilə bağlı danışarkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, İran Azərbaycanın artan nüfuzunu həzm edə bilmir:
“Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən bu yana, 30 ildən çoxdur ki, İran bütün antitəbliğat vasitələrini işə salaraq ölkəmizə qarşı məkrli addımlar atır, nifrət yağdırır. Azərbaycanın Vətən müharibəsində qələbəsindən və ərazi bütövlüyünü bərpa etməsindən sonra isə molla rejimi artıq açıq müstəvidə öz qərəzini, düşmənçiliyini nümayiş etdirdi, eyni zamanda ölkəmizin daxili işlərinə qarışmağa cəhdlər etdi.
Birinci Qarabağ savaşında İranın Ermənistana dəstəyi, atəşkəs dövründə Ermənistanı bütün zəruri vasitələrlə təmin etməsi, ən ucuz qiymətə benzin, qaz və s. verməsi faktdır və bunu Ermənistanın da, İranın da rəsmiləri dəfələrlə təsdiq ediblər. Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90-cı illərdə İran Ermənistan üçün bir nəfəslik olub. İran Ermənistana böyük dəstək göstərib və bu gün də göstərməkdə davam edir. Fərq ondadır ki, əvvəllər Tehran bu əməlləri geniş təbliğ etməyərək, Azərbaycanla müəyyən münasibətlər saxlayaraq edirdisə, indi bunu açıq şəkildə və öz düşmən mövqeyini gizlətməyərək edir. Tehranın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də İrəvana hər cür kömək etməyə çalışması, ərazilərini Ermənistana silah tədarükü üçün açdığını, yəqin ki, heç kim unutmayıb.
İndi də sərhədlərimizdə hərbi təlimlər keçirməklə, hava sərhədimizdə manevrlər etməklə, səfirliyimizə və millət vəkilinə qarşı terror törətməklə, SEPAH generallarının dili ilə təhdidlər yağdırmaqla, eləcə də rəsmi KİV-ləri vasitəsilə Azərbaycana qarşı düşmənçiliklərini açıq şəkildə bəyan edirlər.
Fakt odur ki, “Qırmızı xətlər” barədə bəyanat verən molla rejimi işğal müddətində olduğu kimi indi də məscidləri, islam abidələrini təhqir edən, dağıdan Ermənistanın yanında olduğunu hər addımında sübut edir. Son dövrlər İranın Azərbaycana qarşı yönəltdiyi siyasət bundan xəbər verir ki, İran Azərbaycanın güclənən nüfuzunu qəbul edə bilmir. İran daxilində baş verən proseslər Cənubi Azərbaycan faktorunun ortaya çıxması və s. Tehran rejimini dərindən narahat edir. Düşünürəm ki, belə olan halda İranın indiki vəziyyətdə ölkə daxilindəki proseslərdən fikrini yayındırmaq üçün ən optimal variant Azərbaycana qarşı təxribatları artırmaq və bu proseslərdən istifadə edərək ölkə daxilində fikri yayındırmaq, bunu Azərbaycana tərəf fokuslandırmaqdan ibarətdir”.
Politoloqun sözlərinə görə, İran–Ermənistan münasibətlərinin təməlində Azərbaycan və Türk düşmənçiliyi dayanır:
“İran Ermənistan ilə əlaqələrinə xüsusi bir əhəmiyyət verməkdədir, çünki bunu Azərbaycan və Türkiyə əməkdaşlığının önünə keçə bilmək üçün əhəmiyyətli bir alternativ olaraq görür. Başqa sözlə ifadə etsək, İran–Ermənistan münasibətlərinin təməlində Azərbaycan və Türk düşmənçiliyi dayanır. Məhz elə bu səbəbdəndir ki, Ermənistan öz müstəqilliyini elan etdikdə, onu tanıyan ilk ölkələrdən biri İran olub. Erməni icması İranın ən böyük xristian icmasıdır və İranda 40 erməni kilsəsi fəaliyyət göstərir. İran rəsmi olaraq ermənilərə öz dilində təhsil almaq, KİV qurmaq hüququ verib və hal-hazırda İranda çoxlu sayda erməni məktəbləri və erməni dilində nəşr olunan qəzet-jurnallar var.
İranla Ermənistan arasında münasibətlərin inkişafını şərtləndirən digər mühüm səbəb də dünyada mövcud olan diaspor əlaqələridir. Əslində İran–Ermənistan münasibətlərini İran Ayatullası Əhtari Aram Simonyanla görüşdə bir cümlə ilə tam olaraq ifadə etdi. O bildirdi ki, “Ermənistanla İran bir millət, iki dövlətdir”. Bax budur müsəlman Azərbaycana düşmən kəsilən, məscidlərimizi dağıdan, uşaq, qadın, yaşlı demədən azərbaycanlıları qətl edən, uzun illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistana İranın münasibəti”.
Sabiq millət vəkili qeyd edib ki, İranla Ermənistanı bağlayan digər önəmli faktor hər iki ölkənin terroru dəstəkləməsidir:
“İranı Ermənistanla bağlayan mühüm məqamlardan biri də bu iki ölkənin terrora münasibətidir. İran terroru dəstəkləyən azsaylı ölkələrdən biridir və bu kontekstdə Tehranın müxtəlif terror təşkilatları ilə yaxından əməkdaşlıq edən Ermənistanla eyni mövqe sərgiləməsi heç də təəccüblü deyil. İranın bu günə qədər dəstək verdiyi və yaxından əməkdaşlıq etdiyi Suriya, Ermənistan, Yəmən, Şimalı Koreya kimi ölkələrin, Hizbullah, Həmas və husilər və s. kimi silahlı qruplaşmaların hansı məqsədlərə qulluq etdiyi və hansı vəziyyətdə olduqları hamıya yaxşı məlumdur. İranın erməni terror təşkilatı olan ASALA ilə əlaqələri də danılmaz faktdır və bunu qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan keçən ilin sonlarında verdiyi açıqlama ilə bir daha təsdiqləyib. Xatırlayırsınızsa, Jamçokyan ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdüyü və həmin şəxslərin Zəngilan, Qubadlı və Horadizə hücum planından tam xəbərdar olmalarını, hətta həmin planları hazırlayanları kifayət qədər yaxşı tanıdıqları haqqında məlumat vermişdir.
Beləliklə, terroru bir dövlət siyasətinə çevirən, Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu təşkil edən və sonra da qatil terrorçunu həbsdən qurtarmaq üçün onu “dəlixanaya” salıb qoruyan İran indi də Azərbaycan daxilində terror dəstəyi verməklə öz işini davam etdirir. Millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının gözlənilən nəticəni verməməsi isə fars-molla rejimini lap özündən çıxarıb.
Təsəvvür edin ki, onlar realıq hissini nə qədər itiriblər ki, Azərbaycanda terrorda və casusluqda, narkotik ticarətində şübhəli bilinərək saxlanılan şəxslərin guya şiə müsəlmanları olduğu üçün həbs edildikləri haqda bəyanatlar verirlər. Bu birmənalı şəkildə həyasızlığın və riyakarlığın göstəricisidir və fars-molla rejimi bu cür məlumatları tirajlamaqla faktiki olaraq terroru dəstəklədiklərini ortaya qoymuş olur.
Özünü şiə müsəlmanlarının hamisi kimi göstərməyə çalışan İran əslində, öz əməlləri ilə təkcə şiəliyi deyil, bütün islamı gözdən salır. İran bu gün faktiki olaraq şiəliyi deyil, Xomeyniliyi təbliğ edir və bundan da şiə məzhəbinə mənsub insanların yaşadıqları ölkələrdə təsir gücünü artırmaq üçün istifadə edir. İran rejiminin bu davranışları islam dəyərlərinə tamamilə ziddir.
Əgər İran həqiqətən də müsəlman dövləti olsaydı, ən azından bir müsəlman ölkəsi ilə normal münasibətləri olardı. Əgər İran həqiqətən də şiə müsəlmanlarının qeydinə qalsaydı, o zaman Ermənistanın yanında olmaz, onun güclənməsi üçün çalışmaz, onun maraqlarını qorumaz, əksinə, Azərbaycanın yanında olardı.
Bu gün kimlərinsə yalnız şiə olduğu üçün həbs olunduğunu iddia etmək o qədər absurddur ki, buna inana biləcək kimisə tapmaq belə mümkün deyil. Sadəcə islamdan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etməyə alışmış İran Azərbaycanda bir-birinin ardınca həyata keçirilən əməliyyatlar sayəsində cəsus şəbəkəsinin ifşa olumnasını, terror aktları ilə bizi qorxutmağın mümkünsüz olduğunu həzm edə bilmədiyi üçün bu cür axmaq və cəfəng iddialar ortaya qoyur. Məqsəd isə məlumdur. Məqsəd odur ki, kimlərisə bu yolla, guya Azərbaycanda şiələrə qarşı təzyiqlər var bəhanəsi ilə öz tərəfinə çəksin, ayağa qaldırsın və ölkədə qarşıdurma yaratsın.
İran parlamentinin İsraildə səfirlik açdığımız üçün utanmadan 210 səslə ölkəmiz əleyhinə bəyanat qəbul etməsi də İslam dünyasını bizə qarşı qoymağa hədəflənmiş addımdır. Bəyanatda səfirliyin açılması “məzlum fələstinlilərin fundamental hüquqlarının pozulması” kimi qələmə verilir və bütün müsəlman ölkələrini, həmçinin İslam Əməkdaşlıq Təşkilatını Bakının bu addımını qınamağa çağırır.
Amma bu bəyanatla çıxış edən İran unudur ki, Azərbaycan İsraillə eyni vaxtda Fələstində də öz elçiliyini açıb. Xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda Ramallahda olub və Administrasiya rəhbərliyi tərəfindən isti qarşılanıb. Fələstin tərəfindən Bakıya heç bir irad da bildirilməyib. Bu fonda İranın özünü “yuyulmamış qaşıq” kimi ortaya atıb guya fələstinlilərə can yandırmasının səbəbi əlbəttə ki, islam maraqları deyil, molla rejiminin öz maraqlarından irəli gəlir. Fars-molla rejimi, sadəcə, Azərbaycanın İsrail kimi sadiq dostları hesabına daha da güclənməsini istəmir, Güney Qafqazın açar ölkəyə çevrilməsini, öz torpaqlarını azad eləməsini həzm edə bilmir.
İkinci bir tərəfdən, İran bu cür sərsəm mövqe sərgiləyərkən bu suallara da cavab verməlidir: Bundan 3 il əvvəl Ermənistan İsraildə səfirlik açarkən niyə susurdun? O zaman dostum dediyin Ermənstana İsraildə səfirlik açdığı üçün niyə etirazını bildirmədin? Niyə bu 30 il ərzində Qarabağdakı 67 məsciddən 65-nin dağıdılmasına bir dəfə də olsun səsini qaldırmadın?
İran indi utanmaz-utanmaz İslam Əməkdaşlıq Təşkilatı üzvlərinə, dünya müsəlmanlarına müraciət etməzdən əvvəl zəhmət çəkib bu suallara cavab verməlidir. Bütün müsəlman dünyası yaxşı bilir ki, İsrail müsəlman Azərbaycan torpaqlarının erməni işğalından qurtulmasına hər cür kömək göstərdiyi halda, “müsəlman” İran bunun əksini edərək təcavüzkar üçün əsl xilaskar qismində çıxış edib. Müsəlman Azərbaycana qarşı Ermənistanın ayaqda qalmasını təmin edib.
Bu arada, təəssüf hissi ilə qeyd etməliyəm ki, İran Ermənistan sevgisi olan tək müsəlman dövləti də deyil. Suriyadan qaçan qaçqınlar üçün evlərin tikilməsi, onlara yardımların edilməsində Kuveytin hansı addımlar atdığını bilirik. Təəssüf ki, Kuveyt də Suriyadan Ermənistana gələnlərin müsəlman deyil məhz ermənilər olduğunu unudaraq onlara hər cür yardım göstərib. Bilə-bilə ki, həmin ermənilər məhz Azərbaycanın, yəni müsəlman ölkəsinin işğal altında olan ərazilərində yerləşdirilirlər. Kifayət qədər yaxşı münasibətlərdə olduğumuz Qətərin də öz ərazisindəki Ermənistan səfirliyinin bütün xərclərini qarşıladığı haqqında faktlar mövcuddur. Suriyanın və digər bu kimi bəzi müsəlman ölkələrinin də Ermənistanla münasibətləri göz qabağındadır.
Amma cənab Prezidentin də dediyi kimi, müsəlman dini abidələrini təhqir edən, yaşlı, uşaq, qadın demədən müsəlmanları qətlə yetirən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz. Odur ki, İran da anlamalıdır ki, İslam dinini təhqir edən Ermənistanı özünə çox yaxın dövlət, dost hesab edərək, hər hansı İslam dəyərlərindən, İslam həmrəyliyindən danışmaq olmaz. Və nəhayət dərk etməli və bilməlidir ki, onun nə etməsindən asılı olmayaraq, Azərbaycanı öz hədəflərindən çəkindirmək mümkün olmayacaq və buna qarşı çıxan qüvvələr birmənalı məğlubiyyətlə üzləşəcəklər”.
Səxavət Məmməd