İranla Ermənistanı niyə “qaşınma” tutub? – “Laçında hansısa döyüş əməliyyatı keçirsələr…” – Keçmiş DTX zabiti
“Sabah erməni tərəfi Laçın və yaxud başqa bir istiqamətdə hansısa döyüş əməliyyatı keçirsə, torpaqlarımızı tutmağa çalışsa, Azərbaycan Ağdərədən girib, Laçından çıxacaq”.
Bu fikirləri bölgədə artan gərginliyi şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.
İlham İsmayıl bildirib ki, Azərbaycan bölgədəki gərginlikdən çəkinmir:
“Bölgədə təhlükə var. Məsələlərə yekun nöqtə qoyulmadığı, Azərbaycan ərazi bütövlüyü de-fakto dövlət nəzarətində olmadığı üçün ətrafdakı bütün qlobal güclərdən tutmuş, digərlərinə qədər Qarabağı Azərbaycanın zəif bəndi hesab edirlər. Hətta elə tədbirlər, hədələr var ki, gərginlik daha da artır. Sözün həqiqi mənasında, vəziyyət döyüş həddinə çata bilər. İrandakı səfirliyimizə terror aktından sonra başqa qüvvələr də İran Azərbaycan münasibətlərini gərginləşdirməkdə maraqlıdır. Ancaq bunda ən birinci maraqlı olan İranın özüdür. İran rəsmiləri hədələməkdə davam edirlər. Bunun ən bariz nümunəsini İranın Ermənistandakı səfiri göstərdi. Səfir dedi ki, İsraili bölgəyə gətirən balaca ölkələrə İran şillə vurmağa hazırdır. Təbii ki, Ermənistan da bu işdə qızışdırıcı roldadır.
İran bölgəyə gələn Fransa jandarmına müsbət münasibət bildirdi. Fransa jandarmı Fransa Müdafiə Nazirliyinin tərkibindədir. İran bəyan etdi ki, onların gəlişinə normal baxır, ancaq məsələlərin həllində rol oynamasınlar. Bu onu göstərir ki, İran iki yox, çoxsifətli dövlətdir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə danışanda dedi ki, bölgədə eskolasiya gözlənilir. Bunun ardınca Qubadlı və Laçına hücum məsələsi ortaya atıldı. Onsuz da bölgədə eskolasiya var, ancaq “gözlənilir” demək o anlama gəlir ki, konkret bir hadisə olacaq. Azərbaycanda da bu barədə kəşfiyyat məlumatları olub ki, Qubadlı, Laçın məsələsi ortaya atıldı. Azərbaycan da bununla göstərdi ki, planlarınızdan xəbərdarıq. Qafan yolunda Azərbaycan post qurmamışdan əvvəl İran həmin yol vasitəsi ilə hər şey keçirirdi, o cümlədən narkotik. Yeni yol da hazır deyil. İranın köməkliyi ilə adını Ermənistan qoyub gərginlik yaradacaqlar. Ehtimal azdır, ancaq təhlükə var. Niyə ehtimal azdır deyirəm? Sabah Laçında və yaxud başqa bir istiqamətdə hansısa döyüş əməliyyatı keçirsələr, Azərbaycan Laçından yox, Qarabağdan başlayacaq. Ağdərədən girib, Laçından çıxacaq. Azərbaycan gərginlikdən çəkinmir. Erməni tərəfi də bilir ki, hər hansı formada gərginlik artsa, bu, Qarabağın başında çatlayacaq”.
Səxavət Məmməd