İranla Rusiyanın “Suriya cəbhəsi”: Tehranın “Mahir planı” baş tutacaq?

Fars-molla rejiminin Suriyada hakimiyyət çevrilişi planlaşdırdığına dair sensasion məlumat yayılıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Tom Kuper adlı müəllif “War Is Boring” nəşrində Rusiya xüsusi xidmətinin yanvarın 28-də İranın Suriyada həyata keçirtməyə cəhd göstərdiyi çevrilişin qarşısını aldıqlarını yazıb. Bununla bağlı suriyalı jurnalist Feras Keremin məlumatına istinad edən müəllifin yazdığına görə, İranın planlaşdırdığı çevrilişə əsasən Bəşər Əsəd devrilməli və onun yerinə qardaşı Mahir gətirilməlidir.

Məlumata görə, Rusiya hərbçiləri yanvarın 28-də paytaxt Dəməşqin 11 rayonunda İranyönlü hərbi birliklərin Suriya ordusu ilə əlaqəsini kəsib və “Almas” aviabazasının ələ keçirilməsinin qarşısını alıb. Rusiya əsgərləri daha sonra Dəməşqdəki Rusiya səfirliyini, Prezident sarayını və Baş Qərargahın binasını güclü mühafizəyə götürüblər. Eyni zamanda, Mahir Əsədin komandanı olduğu IV tank diviziyası və Hərbi Hava Qüvvələrinin kəşfiyyat xidməti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. O da bildirilir ki, Suriya hakimiyyətini dəstəkləyən Ələvilər iki hissəyə parçalanıblar – biri İranı, digəri isə Rusiyanı dəstəkləyir. Ötən ay çox sayda Rusiyayönümlü hərbçinin öldürülməsi İran dəstəkçilərinin fəallaşmasının göstəricisi kimi qəbul olunurdu.

Tom Kuperin yazdığına görə, Rusiyanın Suriya Silahlı Qüvvələrinin bəzi diviziyalarını modernləşdirməsi və bu ölkədə təsirini artırması İranın İslam Keşikçiləri Korpusunun rəhbərliyini ciddi surətdə narahat edib. Ona görə də Suriyada öz nəzarətində saxlaya biləcəyi bir hakimiyyətin formalaşdırılmasına çalışan İranın bu məqsədini həyata keçirtmək üçün hərəkətlənməsi təəccüblü deyil. Kuper qeyd edir ki, Suriyada vətəndaş müharibəsi başa çatdıqdan sonra ölkənin bərpa edilməsində əsas rolların birini İran öz üzərinə götürəcək. Rusiya Suriya müharibəsini başa çatdıraraq, Qərblə Ukrayna məsələsinin müzakirəsində müəyyən rıçaqlar əldə etməyi düşündüyü halda, İran daha irəli gedən hədəflər müəyyənləşdirib.

Suriyada hakimiyyətdaxili, hətta ailədaxili ixtilafların ilk təzahürü 2016-ci ilin martında Bəşər Əsədi dəstəkləyən Respublika Qvardiyası ilə Mahir Əsədin komandanı olduğu IV Tank diviziyasının bölmələri arasında baş verən silahlı toqquşmalarda üzə çıxdı. Bu məsələyə yazı həsr edən “The Financial Times” keçən ilin aprelində belə yazırdı:
“Rusiya dəqiq görür ki, rejimi devirmədən Əsəd klanı təmsilçilərini Suriya təhlükəsizlik sisteminin təməl strukturundan (ailə üzvləri və rejim tərəfdarlarından formalaşdırılmış heyət) qopartmaq nə qədər çətindir. Rejim elə formalaşdırılıb ki, satqınlıqda şübhəli bilinən istənilən şəxsi zərərsizləşdirmək mümkündür, hətta yaxın çevrənin amansızcasına təmizlənməsinə qədər… Ancaq Moskvanın bu məsələdə özünün ayrı strategiyasının olması da mümkündür. Çünki hələ Hafiz Əsəd dönəmində Suriya ilə əməkdaşlıq əsasən, ordu səviyyəsində aparılırdı. O baxımdan, Rusiya da acınacaqlı vəziyyətə düşmüş Suriya ordusunu yenidən qurmağa başladı. Suriya mənbələri bildirirlər ki, Moskva bu proqram çərçivəsində Bəşər Əsədin idarəolunmaz kiçik qardaşı Mahir Əsədi proseslərdən kənarlaşdırıb”.

Bildirilir ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Suriya məsələsində Rusiya ilə İran arasında fikir ayrılıqları daha da dərinləşib. “Əl-Ərəbiyə” nəşrinin əməkdaşı Həşmat Ələvinin fikrincə, Rusiya İrana heç vaxt strateji tərəfdaş kimi yanaşmayıb. Moskva Rusiyaya “çox az şey təklif edə biləcək mollalardansa” ABŞ ilə sövdələşməyə daha çox üstünlük verir:

“İran Suriyaya Rusiyadan daha çox sərmayə qoyub. Yəni Rusiya ilə müqayisədə İran üçün Suriyanın əhəmiyyəti daha çoxdur. Ona görə də İran Suriyanı öz nəzarətinə götürmək planından əl çəkməyəcək və Rusiyanın Qərblə gedə biləcəyi sövdələşməyə getməyəcək. Tehranın ABŞ-ın Suriya danışıqlarına cəlb edilməsi təklifinə qarşı çıxması da bununla bağlıdır”.

Tom Kuper yazısının yekununda bildirir ki, əgər İran Dəməşqdə çevriliş etməyə cəhd göstəribsə və Rusiya bunun qarşısını alıbsa belə, vəziyyət dəyişməz qalıb. Yəni Əsəd rejimi Suriyada öz maraqlarını qorumağa çalışan Rusiya ilə İranın dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Proseslər dərinləşdikcə, bu maraqlar üst-üstə düşür.

Yeniçağ.Az