İranlı jurnalistdən SENSASİON İDDİA: Siyasi hakimiyyət SEPAH-a ötürülür

“İran artıq dini dövlətdən hərbi dövlətə çevrilir. Yəni İran elitası yaxın gələcəkdə Pakistan, İsrail kimi hərbiçilərin nəzarətinə keçəcək. İranda İslam inqilabını qoruya biləcək, iqtisadiyyatı idarə edə biləcək yeganə güc isə SEPAH-dır”.

Yenicag.az xəbər verir ki, bu sözləri iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi “The Sunday Times”la söhbətində deyib.

Onun sözlərinə görə, SEPAH-ın nəzarəti olmadan heç bir güc İranda hakimiyyəti qoruya bilməz.

“Prezident seçkilərində namizəd olmuş Məhəmməd Baqir Qalibaf keçmiş SEPAH komandiridir. Səid Cəlili isə İran-İraq müharibəsində SEPAH-la birlikdə xidmət keçib. SEPAH bu seçkidə Cəliliyə açıq dəstək verir. Məsud Pezeşkianın isə müxtəlif kanallar vasitəsilə SEPAH-la əlaqəsi var. Ölkədə mühafizəkarlar artıq hakimiyyəti tam olaraq SEPAH-a ötürməyə razılaşıb. İslahatçılarda isə ikitirəlik yaranıb. Bir qrup SEPAH-ı anlamağa hazırdır, amma digər qrup buna qarşı çıxır”, – deyə o bildirib.

Ə. Əhmədiyə görə, SEPAH-ın hazırda əsas missiyası tez bir zamanda nüvə silahı əldə etmək, iqtisadiyyatı peşəkarlara həvalə etməklə iqtisadi şaxələndirmə həyata keçirtmək və daha sonra dini rəhbərlik üçün dinc keçidi qısa zamanda təmin etməkdir.

“Əslində, SEPAH hazırda islahatçılardan daha çox mühafizəkar prezident istəyir. Misal üçün Həsən Ruhani və onun komandası İran elitasında gücü zəifdir və SEPAH-a məhz bu cür namizədlər daha çox lazımdır. İranda dəniz güclərinə, hava qüvvələrinə, hərbi sənayeyə, nüvə proqramına, ballistik raket proqramına nəzarət edən SEPAH faktiki dövlət içində dövlətdir”, jurnalist əlavə edib.

“Bu prezident seçkiləri həm də İran elitasını gələcəkdə transformasiya etmək üçündür. İran yaxın gələcəkdə artıq tamamilə hərbi dövlətə çevriləcək və regional siyasətdə daha da aqressivləşəcək. SEPAH-ın əsas missiyası tez bir zamanda nüvə silahına da yiyələnməkdir. İran yaxın 6 ayda 5 ədəd nüvə başlığı əldə etmək imkanına malikdir”, – deyə iranlı jurnalist bəyan edib.

Rafi Müslümov

COP29