İraqdan oğurlanan milyardlarla dolların taleyi bəlli oldu – FOTO 

İraqda hökumət oğurlanan 2,5 milyard dolların bir hissəsinin geri qaytarılmasını təmin edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Mohammed Shia es-Sudani geri qaytarılan pullarla Bağdadda təşkil edilən mətbuat konfransında jurnalistlərin qarşısına çıxıb.

Baş nazir bir müddət əvvəl dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsinin dövlətə qaytarıldığını açıqlayıb.

Sudani, “Araşdırma aparan müvafiq komissiyalar oğurlanan məbləğdən 182 milyard dinarın (124 milyon 600 min dollar) geri qaytarılmasını təmin etdi”, –  deyərək, bəzi dövlət qurumlarında çalışan şəxslərin sözügedən pulların oğurlanmasına köməklik etdiyini bildirib.

Sudani hazırda həbsdə olan Nur Zuheyrin oğurladığı bütün pulları geri qaytarmaq üçün məhkəmə tərəfindən zaminə buraxılacağını və bu şəxsin bütün pulları qaytarana qədər təhlükəsizlik qüvvələrinin nəzarətində qalacağını qeyd edib. İraqın Baş naziri bəyan edib ki, Züheyrin mühakiməsi bütün oğurlanmış pullar qaytarıldıqdan sonra davam etdiriləcək.

Qeyd edək ki, İraqda oktyabrın 16-da Baş Vergi İdarəsinə məxsus 2,5 milyard dollarlıq əmanətin dövlət bankından oğurlandığı iddia edilmişdi.