“İrəli” İctimai Birliyindən gənclər üçün intellektual yarış

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət Proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi artıq üçüncü mövsümdür ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcəkdir. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verir.

Birliyin mətbuat xidmətindən bildiriblər ki, layihənin reallaşdırılmasında məqsəd gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual rəqabətə davamlı gənclərin hazırlanmasıdır.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq yarışlar üçün rəqabət qabiliyyəti yüksək səviyyədə olan gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.Sədr bildirib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında keçirilməsi planlaşdırılır.

Layihə 2 mərhələdən ibarət olacaq. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçiriləcək. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq.

Layihənin final mərhələsinin Bakıda keçirilməsi planlaşdırılır./adalet.az/

COP29