“Ermənistan hazırda sığınmaq üçün çətir axtarışındadır”.
Bunu Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
ABŞ-nin Ermənistanla strateji müttəfiqlik sənədinin imzalanmasından dərhal sonra Azərbaycanla delimitasiya məsələsində müsbət mesaj verilməsinin pərdəarxası amillərindən danışan hərbi ekspertin sözlərinə görə, ABŞ-Ermənistan arasında sərhəd nəzarətinin həyata keçirilməsi həmin müqavilədə də öz əksini tapıb.
“ABŞ hərbçilərinin Ermənistanda olması sərhədlərin monitorinqi və təhlükəsizliyi məsələsində atılacaq addımları ehtiva edir. Ancaq bu, Azərbaycanla sərhədin delimitasiya və demarkasiya prosesi ilə birbaşa bağlı olan məsələ deyil. Çünki sözügedən sahədə işlərin görülməsi dövlət komissiyalarının görüşünün nəticəsidir. Son görüşdə isə qərarlaşdırıldı ki, Gürcüstan istiqamətindən, yəni şimaldan cənuba doğru sərhədlərin dəqiqləşdirilməsi həyata keçirilsin. Prosesin qısa müddət ərzində tamamilə həllini tapacağını gözləmək olmaz, nəticə olaraq bu, uzun məsələdir. Delimitasiya və demarkasiya prosesindəki addımlarla ABŞ-Ermənistan strateji müttəfiqlik müqaviləsi tamamilə təsadüfən üst-üstə düşən məsələlərdir. Sadəcə olaraq, Ermənistan hazırda sığınmaq üçün çətir axtarışındadır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli