“Ola bilsin ki, İrəvanın vurduğu zərərin ödənilməsi üçün maliyyə gücü yoxdur. Həmin zərər Zəngəzur, Dərələyəz və Göyçənin bizə qaytarılması ilə də bağlana bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın işğalçılıq dövründə ölkəmizə vurduğu maddi və mənəvi zərərin qarşılığında Göyçə, Zəngəzur və Dərələyəzin təzminat kimi Azərbaycana qaytarılması məsələsi barədə fikirlərini səsləndirən Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, 30 il ərzində ərazilərimizin ermənilər tərəfindən işğalı nəticəsində tarixi, mədəni, maddi irsimizi talanıb, məhv edilib, viran vəziyyətə gətirilib. “Nəticədə isə bu gün Azərbaycana qəsdən vurulan milyardlarla dollarlıq zərərdən söhbət gedir. Məsələ indi yox, məhz 44 günlük Vətən müharibəsinin başa çatdığı dövrdən gündəmə gətirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ermənistanın müharibə və işğalçılıq cinayətlərinin ölkəmizə vurduğu maddi-mənəvi zərərin hesablanması, beynəlxalq məhkəmələrə hüquqi bazanın təqdim olunması üçün komissiya yaradılıb”, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, dünyada işğalçı ölkələrin kapitulyasiya aktını imzaladıqdan sonra vurduğu zərərin ona ödətdirilməsi ilə bağlı beynəlxalq təcrübə mövcuddur. “İşğaldan ciddi zərər çəkən ölkə kimi Azərbaycan Ermənistana qarşı ittihamlar qaldıracaq. Zərərin ödətdirilməsi ilə bağlı məsələnin isə sülh müqaviləsinə əlavə edilməsi o qədər də vacib deyil. Çünki Ermənistan öz xoşu ilə ölkəmizə vurduğu zərəri ödəməyəcək. Məsələ beynəlxalq məhkəmələrin predmetidir.
Həlli üçün uzun zaman lazımdır. Ancaq heç vaxt haqqımız bərpa olunana qədər Ermənistandan əl çəkməyəcəyik. Ola bilsin ki, İrəvanın vurduğu zərərin ödənilməsi üçün maliyyə gücü yoxdur. Həmin zərər Zəngəzur, Dərələyəz və Göyçənin bizə qaytarılması ilə də bağlana bilər. Yəni nə olur-olsun Ermənistanın ölkəmizə vurduğu zərərin ödətdirilməsinə nail olacağıq”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli