İrəvan hakimiyyəti ilə “Dağlıq Qarabağ hakimiyyəti” arasında ziddiyyətlər son həddə çatıb

Ermənistanın baş naziri Nikol Paşinyan 30 avqust tarixində Dağlıq Qarabağa işgüzar səfər edib. 
“MediaPost”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı o, qondarma rejimin prezidenti Araik Arutyunyan ilə birlikdə qondarma Dağlıq Qarabağ Respublikasının özünümüdafiə ordusunun qərargahında təşkil edilmiş xidməti müşavirədə iştirak edib.

Heç kim üçün sirr deyil ki, bu səfərlərin arxasında Paşinyanın öz reytinqini qaldırmaq niyyəti dayanır və işğal altında olan Azərbaycan ərazilərinə tez-tez gedərək “mən varam” mesajı ilk növbədə, Ermənistan daxilində nüfuzunun artması üçündür. Eləcə də, Azərbaycan cəmiyyətini qıcıqlandırmaqla özünə siyasi divident toplamaq istəyi var. Lakin bu dəfəki səfərin özü yox, onun baş verdiyi fon və iki rejim arasında olan ab-hava daha çox maraqlıdır.

Belə ki, növbəti gün – avqustun 31-də Nikol Paşinyanla Araik Arutyunyan qondarma ordunun döyüş postlarını gəzib, aparılan işlərin keyfiyyətinə nəzarət edib, şəxsi heyətin yaşayışı ilə tanış olub. Yenə də populist hərəkət, lakin hətta səfər zamanı çəkilmiş video çarxdan da bilinir ki, iki rejimin başçıları heç də öz aralarında mehriban deyillər.

Ən maraqlısı da odur ki, Paşinyanın səfəri zamanı qondarma respublikanın prezidentinin mətbuat xidmətinin rəhbəri Vaqram Poqosyan öz Facebook səhifəsində bir neçə maraqlı status paylaşıb.

Belə ki, Rusiyada böyük erməni icmasının olmasından danışan Vaqram Poqosyan xüsusilə qeyd edib ki, onların arasında çox sayda Qarabağ əsilli ermənilər var. Öz həmyerlilərilə sıx əlaqələr saxlamaq zərurətini qeyd edən Poqosyan deyib ki, yaxın zamanda (qondarma) respublika başçısının təşəbbüsü, habelə “Azad vətən – OQA” və “Vahid vətən” partiyalarının alyansı ilə Dağlıq Qarabağ İctimai teleradio şirkətində rus dilində verilişlərin efir vaxtı artırılacaq. Bundan ötrü qanunvericilikdə müvafiq düzəlişlər ediləcək.

img

Rusdilli verilişlərin yayımlanma vaxtının artırılması ilə yanaşı, təhsil müəssisələrində rus dilinin tədrisolunma saatının artırılması da nəzərdə tutulur. Poqosyanın sözlərinə görə, bunu Rusiyadan ölkəyə gələn turistlərin artan sayı tələb edir ki, stimullaşdırma üçün qondarma rejimin başçısı respublikada rus dilində informasiya lövhələrinin asılmasına göstəriş verib.

Poqosyanın daha bir cümləsinə fikir verək: “Sifarişçiləri məlum olmayanların arzularına zidd olaraq, yaxın beş il Rusiya Federasiyası ilə Dağlıq Qarabağ arasında münasibətlərin inkişafı dövrü olacaq”.

Əlbəttə, özünü azərbaycanlı sayan, Azərbaycan vətəndaşı olan, öz doğma torpaqlarımızın tezliklə qaytarılmasını istəyən istənilən şəxs kimi, qondarma rejimi tanımırıq və heç vaxt bununla razı olmayacağıq. Amma torpaqlarımızın qaytarılması hərbi gücümüzü artırmaqla yanaşı, bizdən düşmən düşərgəsində baş verən proseslərə nəzarət etməyi tələb edir. Bunu demişkən, Poqosyanın davam etdiyi cümləyə diqqət yetirək: “Dağlıq Qarabağ Rusiya Federasiyası ilə öz münasibətlərini dostluq siyasəti məntiqi ilə qurur. Obyektiv səbəblərə görə, bu gün açıqlaya bilmədiyimiz bir sıra səbəb var, lakin onilliklərdən sonra bütün səbəblər məlum olacaq”.

Maraqlı iddiadır – maraqlı və Paşinyanın qəzəbinə səbəb olan bir iddiadır.

Bildiyiniz kimi, Ermənistanla Rusiya arasındakı əlaqələr demək olar ki, ən aşağı səviyyəyə enib. Ekspertlərin rəyinə görə bunun səbəbkarı birdir, o da Paşinyandır.

Rəsmi Moskva Paşinyana qarşı öz neqativ münasibətini heç vaxt gizlətməyib. Yaxın tarixə nəzər salsaq görərik ki, son iki il ərzində rəsmi İrəvanla rəsmi Moskva arasında dəfələrlə mübahisələr olub. Ümumiyyətlə, erməni cəmiyyətində Rusiyaya qarşı qərəz çoxdan müşahidə olunur. Bu, həm təbii qaz qiymətlərindən, həm elektrik enerjisi tariflərindən, həm də Ermənistan-Azərbaycan münaqişəsində Rusiyadan daha qətiyyətli addım tələbindən və bir sıra digər amillərdən qaynaqlanır. Eyni zamanda, Gümrü şəhərində Rusiyaya məxsus 102-ci hərbi baza ermənilərin narazılığının mərkəzindədir. Ancaq səbəb axtarmağa da ehtiyac yoxdur, çünki tamamilə Rusiyadan asılı olan, faktiki Rusiyanın vassalı olan ölkənin öz “sahibinə” nifrət etməsi təbiidir. Rusdan asılı olasan – “çox əziyyət çəkmiş” millət üçün ən böyük təhqirdir. Eynilə, təhlükəsizliyi tamamilə Rusiyanın təhlükəsizlik qurumları tərəfindən təmin olunan Ermənistan özünü təhlükəsiz hiss etmir. Bunun ən pik nöqtəsi iyul ayından sonra Rusiyanın XİN rəhbəri Sergey Lavrovun silahlı təxribatın məhz Ermənistan tərəfindən törədilməsini deməsi oldu.

img

“Rus dili təşəbbüsünün” “Azad vətən” partiyasının rəhbəri, Dağlıq Qarabağın qondarma rejiminin başçısı Araik Arutyunyan və “Vahid vətən” partiyasının sədri, qondarma respublikanın Milli Təhlükəsizlik Şurasının katibi Samvel Babayan tərəfindən irəli sürülməsi çox maraqlıdır. Qeyd etmək lazımdır ki, bu iki partiyanın üzvləri qondarma parlamentdə çoxluq təşkil edir. Samvel Babayan ilə Araik Arutyunyan arasında intriqaların və hakimiyyət uğrunda mübarizənin olması barədə dedi-qoduların gəzməsinə baxmayaraq, Rusiyaya aid məsələlərdə bunların baxışlarının eyni olması maraqlıdır.

Ermənistanın informasiya məkanından rusdilli seqmentin tədricən çıxarılması, məktəblərdə və digər təhsil müəssisələrində rus dilinin tədrisi üçün nəzərdə tutulmuş vaxtın qısaldılması fonunda qondarma rejimin bu addımının mənası nədir?

Son zamanlar erməni ekspertlərin rəylərinə görə, Dağlıq Qarabağın gələcəyi Putin ilə Paşinyan arasında gedən gizli qarşıdurmanın predmetinə çevrilib. Dediyimiz kimi, bunun yeganə səbəbkarı Paşinyanın özüdür. Paşinyanın təşəbbüsü ilə Ermənistanda fəaliyyət göstərən və rus hesabına maliyyələşən iri kompaniyaların əleyhinə qaldırılan cinayət mübahisələri Rusiyanı Cənubi Qafqazda olan forpostuna başqa gözlə baxmağa vadar edib. Və hər bir uyğun anda bundan istifadə edərək, Paşinyana qarşı təzyiqlər göstərir. Hətta Dağlıq Qarabağda qondarma prezident və parlament seçkilərində Rusiya Paşinyan ilə yola getməyən Vitaliy Balasanyanı və Araik Arutyunyanı açıq şəkildə dəstəkləyib. Əlbəttə, adı çəkilənlərdən heç biri Kreml üçün bir siyasətçi kimi əhəmiyyət kəsb etmir. Bu dəstəyin əsas mahiyyəti Paşinyanın “balına zəhər qatmaqdır”.

img

Dediyimiz kimi, əsas məsələ rəsmi Bakının yaranmış vəziyyətdən necə faydalanmasıdır. Əlbəttə, rəsmi İrəvanın qondarma rejim ilə yola getməməsi Azərbaycanın xeyrinədir və bizim XİN hər iki vahid arasındakı uçurumun daha da genişlənməsi üçün müvafiq tədbirlər həyata keçirməlidir.

Ermənilərə isə həmişəki kimi məsləhətimiz var: rus dilini dərindən öyrənin, çünki Azərbaycan öz doğma torpaqlarını yurisdiksiyası altına qaytarandan sonra, rus dilinə ehtiyacınız artacaq.