İrəvan Moskvanın “qırmızı xətt”ini keçir? – Ermənsitan Rusiyanı vəziyyətdən belə çıxarır

“Ermənistan hazırda sanksiyalar tətbiq edilən Rusiyanın vəziyyətdən çıxması üçün aktiv çıxış edir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına Rusiyanın reaksiyasından danışan politoloq Rəşad Bayramov deyib.

 

Onun sözlərinə görə, Rusiyanın Ermənistana qarşı konkret tədbir görməməsi, quru bəyanatlarla kifayətlənməsinin bir neçə səbəbi var.

“İlk səbəb Ermənistanın da bəyanatdan o tərəfə keçəcək addım atmamasıdır. İndiyə qədər İrəvan Kremlin “qırmızı xətti”ni tapdayacaq təşəbbüs göstərməyib. Ermənistanda hələ də rus hərbi bazalarının mövcudluğu qorunub saxlanır və onların çıxarılması ilə bağlı hansısa rəsmi bəyanat yoxdur. Eyni zamanda, Ermənistan bu gün də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avropa İqtisadi İttifaqının üzvüdür”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, Ermənistan hazırda sanksiyalar tətbiq edilən Rusiyanın vəziyyətdən çıxması üçün aktiv çıxış edir.

“Avropadan və digər yerlərdən alınan məhsullar məhz elə Rusiyaya ixrac olunur. Nəticədə isə son iki, üç il ərzində Ermənistan-Rusiya arasında ticarət dövriyyəsi 3 dəfə artıb.

Bir sözlə, hər nə qədər Rusiya-Ermənistan münasibətlərində soyuqluq müşahidə edilsə də, İrəvan Kreml üçün bir nömrəli partnyordur. Buna baxmayaraq, əgər bir gün həmin partnyor “qırmızı xətt”i keçsə, təbii olaraq iqtisadi rıçaqlar istifadə ediləcək”, – deyə politoloq bildirib.

Əlavə olaraq, Rəşad Bayramov Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına Rusiyanın reaksiyası ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, bu KTMT və Rusiya tərəfindən yaxşı qəbul edilən hal deyil:

“Ermənistan-NATO yaxınlığının perspektivini başa düşən Rusiya bəyanatlarla bunun qarşısını müəyyən qədər alır. Konkret addımlar isə yalnız İrəvanın Kremlin əlindən çıxma ehtimalının yüksək olduğu zaman atılacaq”.

Nəsimi Ələsgərli

COP29