“Paşinyan yarımçıq sənədin qısa vaxt ərzində imzalanmasına çox çalışdı”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın COP29-da iştirak etməməsinin səbəblərini izah edən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən bu qlobal tədbirdə bir çox dünya ölkələri iştirak edirlər:
“Eləcə də Ermənistanın iştirakı ilə bağlı mediada müxtəlif fikirlər var. Onların COP29-a qatılacağını istisna etmək olmaz. İndi gəlməməkləri, ümumiyyətlə, Ermənistanın iştirak etməyəcəyi mənasına gəlmir. Tədbirin bitməsinə hələ günlər var. Eyni zamanda, tədbirin açılışından sonra gələn qonaqları da unutmaq olmaz”.
“İlk öncə, nəzərə almaq lazımdır ki, COP29-un açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağın işğaldan azad olunması barədə çıxış etdi. Əgər tədbirin ilk günündə Ermənistandan nümayəndə olsa idi, həmin çıxışı dinləməli və işğaldan azad edilən şəhərlərlə bağlı nümayiş etdirilən filmi izləməli idi. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bunun radikal müxalifəti fəallaşdıracağından narahatdır. COP29-un ilk günlərində Ermənistanın iştirak etməməsini bu formada əlaqələndirmək olar”, – deyə o, əlavə edib.
“Ancaq bu, Azərbaycanla Ermənistan arasında olan sülh prosesinə təsir etməyəcək. Əslinə qalsa, COP29 beynəlxalq iqlim tədbirinin danışıqlara aidiyyəti da yoxdur. Paşinyan yarımçıq sənədin qısa vaxt ərzində imzalanmasına çox çalışdı. Nəticədə isə tədbirdə iştirak etməyi planlamışdı. Bu isə baş tutmadı. Bir sözlə, danışıqlar tədbirdən sonra proses olduğu kimi davam etdiriləcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli