“İrəvan sülh müqaviləsi variantını Bakıya təhvil verdi” – Paşinyan

İrəvan sülh müqaviləsi variantını Bakıya təhvil verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.

“Dünən Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsinin növbəti mərhələsinin işini başa çatdırıb və təkliflərimiz Azərbaycana təqdim olunub. Bizim təkliflərimizlə sazişin yekun, tam variantının layihəsi təqdim olunub”.

O, məhz bu cür sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib.

“Mən şəxsən özümü və hökumətin məhz belə bir sazişi imzalamağa hazır olduğunu təsdiqləyirəm.

Mən belə bir məsuliyyəti öz üzərimə götürməyə və daşımağa hazıram”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan tərəfinin Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini aldığını demişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.