“Ermənistandan xaricə köçənlərin sayı əvvəlki illərlə müqayisədə həddindən artıq çoxalıb.”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın delimitasiya ilə bağlı səsləndirdiyi son fikirləri şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda alternativ seçimi olmayan Ermənistan Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirməyə məhkumdur:
“Əks halda, atacağı hər hansı digər addım Ermənistanı yalnız fəlakətə apara bilər. Çünki İrəvan hakimiyyəti hər bir cəhətdən çökmə vəziyyətindədir. Ermənistan Statistika Komitəsinin açıqladığı rəqəmlərdən vəziyyətin nə qədər acınacaqlı olduğu göz önündədir.
Ermənistandan xaricə köçənlərin sayı əvvəlki illərlə müqayisədə həddindən artıq çoxalıb. Əlavə olaraq, Ermənistan-Rusiya əlaqələrinin korlanması da nəzərə alınmalıdır. Getdikcə gərginləşən münasibətlər və yarana biləcək konflikt fonunda vəziyyətin daha da ağırlaşacağı qaçılmazdır.
Bunu dərk edən Ermənistan Azərbaycanla münasibətləri sürətlə normallaşdırmalı, Bakının səkkiz kəndin geri qaytarılması ilə bağlı tələbini qeyri-şərtsiz yerinə yetirməlidir. Biz bu məsələnin yalnız sülh yolu ilə həll olunmasının istəyirik. Yox, əgər sülh yolu ilə alınmayacaqsa, istəməsək belə, alternativ yol hər zaman mövcuddur”.
Nəsimi Ələsgərli