İrəvan yenə KTMT-nin iclasından imtina etdi – Rusiya Ermənistanın tələbini yerinə yetirəcək?

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etməyib. Təşkilatın katibliyi isə “görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək”, bəyanatı ilə çıxış edib.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib ki, Ermənistan hazırda Qərb və Rusiya arasında qaldığı üçün KTMT ilə bağlı bir növ əl yeri saxlamaq siyasəti həyata keçirir.

“Ermənistan KTMT siyasətində Azərbaycanla münasibətləri bəhanə edərək, təşkilatdan uzaqlaşmağa çalışır. Yəni sözügedən hərbi birliyin Ermənistanı Azərbaycandan müdafiə etmədiyini dilə gətirir. Ancaq çox yaxşı anlayır ki, tələbini nə alyansın üzvləri, nə də Rusiya yerinə yetirməyəcək. Bu amillər göz önünə gətirildikdə Ermənistanın ikili siyasət yürütdüyü açıq-aydın ortadadır”, – deyə politoloq bildirib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın hazırki hökumətinin gələcəkdə Rusiya ilə münasibətlərdə yaxınlığı mümkünsüz görünür:

“Çünki iki ölkə arasında körpülər yandırılıb. Tarixə nəzər yetirdikdə Kremlin xarici siyasətinin əsasını sadiqliyin təşkil etdiyini görərik. Yəni Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiya ilə münasibətlərdə yaxınlaşmağı seçsə də alınmayacaq. Kremldə ona qarşı inam qalmayıb. Düzdür, Paşinyan Rusiya qarşısında etibarlı tərəfdaş statusunu itirib. Maraqlı sual yaranır ki, bəs Rusiya niyə ciddi addım atmır?

İlk və başlıca səbəb Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Hazırkı vəziyyət Kremlin İrəvana aktiv müdaxiləsinə imkan vermir. Bu səbəbdən proseslərdə müəyyən qədər ehtiyatlı davranmağa çalışır. Həlledici vaxt gəlib çatdıqda isə Paşinyan Rusiyaya lazım olmayacaq”.

Nəsimi Ələsgərli

COP29