“Həmin ideyanı gerçəkləşdirməyə çalışan “əsas fiqurlar” hazırda Bakıda cəzaçəkmə müəssisəsində saxlanılır”.
Bu fikirləri mövcudluğuna ötən il son qoyulan separatçı rejimin Ermənistanda “xortlama” cəhdlərini şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Qarabağda yaşayan erməni əhalinin az qismi birgə yaşayışı qəbul etsə də, böyük qismi könüllü olaraq ərazilərimizi tərk edib:
“Azərbaycan faktiki olaraq, Qarabağın hər bir qarışını işğaldan qurtarıb və orada öz yurisdiksiyasını bərpa edib. Hazırda bir sıra dövlət institutları bu ərazilərə köçürülür, “Böyük Qayıdış” çərçivəsində irimiqyaslı layihələr gerçəkləşdirilir, bərpa-quruculuq işləri gücləndirilir.
Tarixdən silinən qondarma rejim nümayəndələrinin bu proseslər fonunda yenidən baş qaldırmaq üçün xaricdən etdiyi çağırışların heç bir nəticəsi olmayacaq. Çünki bunun üçün heç bir zəmin yoxdur. Qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əhalinin sayı çox azdır. Digər tərəfdən, həmin ideyanı gerçəkləşdirməyə çalışan “əsas fiqurlar” da hazırda Bakıda cəzaçəkmə müəssisəsində saxlanılır.
Ermənistana qaçmış separatçılar isə oradan bəyanatlar verməklə, heç nəyə nail ola bilməzlər. Bunun üçün nə insan, nə də maddi resursları yoxdur. Lobbi vasitəsilə xaricdə tədbirlər keçirmək istəsələr, bu da mövcud reallığı dəyişməyəcək.
Azərbaycan tarixi haqq-ədaləti, öz ərazi bütövlüyünü bərpa edib. Bundan sonra hər hansı erməni Qarabağa qayıtmaq istəsə, yalnız Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edib, Azərbaycan Respublikası vətəndaşlığını aldıqdan sonra buna nail ola bilər. Bu halda da onlar üçün nə xüsusi imtiyaz, nə də güzəştdən söhbət gedə bilməz”.
Nəsimi Ələsgərli