İrəvanda SAVAŞ EYFORİYASI: “Ermənistan və onun havadarları bilməlidirlər ki…”

“Azərbaycan istənilən aqressiyaya, istənilən hücuma hazırdır”.

Bu sözləri Yenicag.az-a müsahibəsində Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən müharibə fikirlərini şərh edərək qeyd edib ki, Ermənistan müharibə ideyasından heç vaxt əl çəkməyib:

“Azərbaycanın 44 günlük müharibədə qələbəsindən, eyni zamanda, lokal antiterror əməliyyatından sonra Ermənistan heç bir vaxt revanşist ideyalarından əl çəkməyib. Bu istiqamətdə, əsasən, müxalifətin dili ilə danışaraq xalqın istəyi bəhanəsi ilə çox ciddi addımlar atır. Son vaxtlar, təxminən 1 ildir ki, bunlar bu ideyaları daimi təkrarlayırlar”.

Ermənistanın sülh tərəfdarı kimi görünüb mütəmadi silah tədarükü görməsini qeyd edən millət vəkili müharibə fikirləri səsləndirərkən onları ehtiyatlı olmağa dəvət edib:

“Baxmayaraq ki, İrəvan sülh müqaviləsinin imzalanması istiqamətində guya müsbət addımlar atır, müəyyən delimitasiya və demarkasiya məsələlərinə gedirlər, sülhün bərqərar olması üçün təklif olunan maddələri müzakirə edirlər, lakin paralel olaraq da özlərinin havadarları vasitəsilə silah-sursat tədarükü də görürlər. Bu silahların içində hücum silahları da var. Burada da Avropanın vizual kəşfiyyatçılarından istifadə edərək məlumatları həm Avropaya, həm də digər dövlətlərə ötürməklə məşğuldurlar”.

“Son vaxtlar onların verdikləri açıqlamalardan da görünür ki, ehtiyatda olan hərbçilərin yenidən təlimə çağırılması məsələsi gündəmdədir. Bu da aprelin 1-indən iyunun 15-nə qədər bu proses davam edəcək. Məlum məsələdir ki, tək təlimə çağırılanlarla müharibə olmur, eləcə də onlar özlərinin ordusunu da ciddi şəkildə hazır etməlidirlər. Əsas məsələ də odur ki, bu qədər uzun müddətdə ehtiyatda olan hərbçiləri təlimə çağırmaq artıq müəyyən məqamlardan xəbər verir. Təlimlər, əsasən, 10-15 gün çəkə bilər. Lakin, onlar 3 aya yaxın müddətdə ehtiyat ordunu təlimə çağırırlar. Məlumdur ki, burada Rusiyanın maraqları daha çox olmalıdır. Ukrayna ilə müharibə vəziyyətində Rusiya KTMT-yə üzv olan Ermənistanın müharibə etməsinə nə dərəcədə imkan verə bilər? Deməli, burada maraq, eyni zamanda, Rusiyaya qarşı atıla biləcək addımlardan da gəlir. İstər Fransa, istərsə də Avropa ciddi cəhdlə çalışırlar ki, məhz Rusiyanı regionda nüfuzdan salsınlar, onların silahlı qüvvələrini Ukraynadan çıxarsınlar. Digər məsələ də Rusiyanın öz istəyi olub-olmaması məsələsidir ki, bu problemlər də çözülməlidir”, – deyə o, əlavə edib.

A. Nağıyev Azərbaycanın hər cür aqressiyaya, habelə Ermənistanın atacağı addıma hazır olduğunu və vətəndaşlarını qorumağa qadir olduğunu qeyd edib:

“Birmənalı şəkildə Azərbaycan istənilən aqressiyaya, hücuma hazırdır. Onlar belə təxribat etsələr, Azərbaycan bu məsələni cavabsız qoymayacaq, çünki Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam qorumağa qadirdir. Bizim öz müstəqil daxili və xarici siyasətimiz var. Həm də hərbi qanunlara uyğun olaraq Azərbaycan bu addımı ata bilər. Ermənistanın hər hansı qeyri-qanuni hərəkəti mütləq şəkildə Azərbaycan tərəfinin cavabı ilə üz-üzə gələcək”.

“Məlumdur ki, bu konfliktin bir daha yeni eskalasiyasına gəlib çatmaması üçün Ermənistan və onun havadarları bilməlidirlər ki, regionda ikinci bir müharibə ocağının yenidən alovlanması nəyə gətirib çıxara bilər. Azərbaycan öz ərazi bütövlüyünü və hər bir vətəndaşının qorumasını yüksək səviyyədə təşkil etməyə malikdir. Ermənistan nə qədər təxribata əl atsa da, bu özləri üçün çox ciddi problemlərə gətirib çıxara bilər. Bir daha qeyd etmək istəyirəm ki, “Dəmir yumruq” yerindədir, eləcə də Azərbaycan siyasətində suverenliyimizin qorunması və hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təminatı və rifahı əsas addımdır. Buna görə də ermənilər və onların havadarları bu məsələdə ciddi şəkildə düşünməlidir”, – deyə o, fikirlərini tamamlayıb.

Yenicag.az