“Qədim Azərbaycan torpaqlarından ölkəmizə qarşı növbəti təxribat Ermənistan üçün kifayət qədər böyük itkilərə səbəb olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sərhəddə hərbi texnika və canlı qüvvə toplaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, artıq bir neçə aydır ki, Ermənstan tərəfindən sülhə istiqamətlənməyən addımlar müşahidə edilir.
“Azərbaycanla sərhəddə yaxın ərazilərdə yeni hərbi hissələr tikir, müxtəlif ölkələrdən hücum təyinatlı silahlar əldə edir, eyni zamanda sülh prosesindən yayınır. Son günlər isə hərbi toplanış adı altında sərhəd ərazilərə şəxsi heyət və hərbi texnika cəlb olunur”, – deyə o qeyd edib.
Ə.Verdiyevin sözlərinə görə, görünən odur ki, Ermənistan Azərbaycanda keçiriləcək beynəlxalq iqlim tədbiri COP29-la bağlı növbəti daha genişmiqyaslı təxribatlara hazırlaşır.
“Lakin yaxın keçmişə nəzər salsaq, Ermənistanın hansı vəziyyətə düşdüyünü görmək mümkündür. Yəni qədim Azərbaycan torpaqlarından ölkəmizə qarşı növbəti təxribat Ermənistan üçün kifayət qədər böyük itkilərə səbəb olacaq”, – deyə hərbi ekspert bildirib.
Nəsimi Ələsgərli