Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışmaqdan imtina edən Azərbaycan millisi vətənə qayıdıb.
Yenicag.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri – nazir Fərid Qayıbovun müavini Marian Vasilyevna, İdman şöbəsinin müdiri Elnur Məmmədov, idmançıların yaxınları, jurnalistlər və idmansevərlər qarşılayıblar. Azarkeşlər bu zaman müxtəlif şüarlar səsləndiriblər.
Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi – Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.
***
İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.
Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.