İrəvandan sülh müqaviləsi üçün ZAMAN MESAJI: “Əsas məsələlərdə razılıq əldə edilsə və…”

“Yekun sülh müqaviləsinin imzalanması üçün delimitasiya və demarkasiya, anklav-eksklav, həmçinin digər məsələlər həll olunmalıdır”.

Bu fikirləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dekabrın sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalanmasının mümkünlüyü haqda bəyanatını şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi və uyğun şərait yaranıb:

“Xüsusilə, son proseslər bunu deməyə əsas verir. Məsələn, iqlimlə bağlı beynəlxalq tədbirə ev sahibliyi etmək üçün namizədliyini irəli sürən Ermənistan bu iddiadan geri çəkilərək Azərbaycanın lehinə səs verdi. Əlavə olaraq, əsirlərlə bağlı iki ölkə arasında əldə olunan razılaşma da bunun bariz nümunələrindən biridir.

Keçmişə nəzər saldıqda, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilk dəfədir, əlverişli şərait yarandığını əminliklə deyə bilərik. Dekabrın sonunda sülh müqaviləsi imzalanmasının mümkünlüyünə dair verilən bəyanatlara gəldikdə isə yekun sənədin azı 5-6 dəfə tərəflər arasında müzakirə olunduğu qeyd edilməlidir.

Hər iki tərəf yekun sənədi ciddi şəkildə müzakirə edir, dəyərləndirmə aparır. Dekabrın sonuna artıq çox da uzun müddət qalmayıb. Bəli, ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər, lakin bunun yekun sülh sənədi olacağı ilə bağlı qəti fikir bildirmək çətindir.

Çünki yekun sülh müqaviləsinin imzalanması üçün delimitasiya və demarkasiya, anklav-eksklav məsələləri həll olunmalı, kommunikasiya xətlərinin, nəqliyyat yollarının açılması razılaşdırılmalıdır. Sadalanan məsələlər öz həllini tapacağı təqdirdə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə qalmayacaq”.

Nəsimi Ələsgərli

COP29