İrəvandan ziddiyyətli BƏYANATLAR: Ermənistan Azərbaycandan möhlət istəyib? – “Ermənilər üçün böyük faciələrə səbəb olar”
“Ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı Ermənistanda son dövrlər bir-birinə zidd olan bəyanatlar səsləndirilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Siyasi təhlilçi “Hraparak” nəşrinin Nikol Paşinyan hökumətinin konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycandan 2 illik möhlət istəməsi ilə əlaqədar yayımladığı informasiyaları şərh edib.
Mütəxəssis hesab edir ki, bu bəyanatların əksəriyyəti həm Ermənistan siyasi dairələri, həm də Ermənistan rəhbərliyi tərəfindən müxtəlif formalarda həyata keçirilir:
“Bunların hamısı həm daxili auditoriyanın idarə olunmasına hesablanıb, eyni zamanda, Azərbaycanla sülh danışıqları prosesində psixoloji məqam yaratmaq məqsədi daşıyır. Təbiidir ki, Ermənistan daim sülh müqaviləsinin imzalanması prosesinə daim öz qeyri-konstruktiv mövqeyi ilə zərər vurur və Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinin uzadılması Paşinyan hakimiyyətinin qarşısına qoyduğu prioritet istiqamətlərdən biridir. Son dövrlərdə bunun dəfələrlə şahidi olmuşuq. Tam əminliklə söyləmək olmaz ki, Paşinyan həqiqətən də sülh istəyində səmimidir. Əgər Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, ilk növbə, Azərbaycanın haqlı və ədalətli tələblərini yerinə yetirməlidir. Burada da Bakı İrəvandan qeyri-adi heç nə istəmir”.
Onun fikrincə, konstitusiyanın dəyişdirilməsi tələbinə gəldikdə, bu, Azərbaycanın haqlı tələbidir:
“Çünki Ermənistan dünyada yeganə ölkədir ki, öz qonşularına qarşı ərazi iddialarını öz dövlət konstitusiyasında təsbit edib. Bu da yolverilməzdir, çünki Azərbaycanla sülh müqaviləsinin imzalanmasının əsas şərtlərindən biri konstitusiyanın dəyişdirilməsidir. Əgər Paşinyan yaxın aylarda konstitusiyanın yaxın aylarda dəyişdirilməsi ilə bağlı qarşısına məqsəd qoymayıbsa və Azərbaycandan 2 il vaxt istəyirsə, fikrimcə, bu da Ermənistan rəhbərliyinin qeyri-səmimi mövqeyinin göstəricisidir. Çünki konstitusiyanın dəyişdirilməsi üçün heç də aylar və illər lazım deyil. Əksinə, tez bir müddətdə bunun üçün addımlar atmaq mümkündür.
Düşünürəm ki, sadə ermənilərin özü də konstitusiyanın dəyişdirilməsinə müsbət yanaşar. Çünki konkret olaraq konstitusiyada dəyişikliklər edilməzsə, bu, Ermənistan üçün gələcəkdə çox böyük faciələrə gətirib çıxara bilər”.
Rafi Müslümov