İrəvanı himayə edənlərin niyyəti: “Bu halda müqavilə istənilən an aradan qaldırıla bilər”

“Ermənistanı himayə edənlərin indiki niyyəti ondan ibarətdir ki, Ermənistan konstitusiyasında hər hansı bir dəyişiklik baş verməsin”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Politoloq Ermənistan Ədliyyə Nazirliyi tərəfindən Ermənistanda 2027-ci ildə konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi haqqında yayılan informasiyaları şərh edib.

“Çünki onlar bir müddət öncə keşiş Baqrat tərəfindən yaradılmış süni şouya əsaslanaraq, belə bir rəy formalaşdırmağa çalışırlar ki, əgər hansısa dəyişikliyin baş verməsi Baş nazir Nikol Paşinyanın mövqelərini zəiflədə və onun hakimiyyətdən getməsi ilə nəticələnə bilər”, – deyə o, əlavə edib.
E. Mirzəbəyliyə görə, bu aspektdən də Qərb dairələri, ilk növbədə, Paşinyanı qorumaq məqsədilə (regiondakı planlarını onun vasitəsilə keçirmək istəyirlər – E.M) indiki şəraitdə konstitusiya və Ermənistanın müstəqillik bəyannaməsinə və digər hüquqi normativ aktlara dəyişiklik edilmədən sülh müqaviləsinin imzalanmasına cəhd göstərirlər:

“Bu səbəbdən də şərti sərhəddə atəşkəsin pozulması, ABŞ qoşunlarının Ermənistana gəlməsi, təlimlərin keçirilməsi və s. bu kimi addımlar proseslərin tərkib hissəsidir və yumşaq güc, təzyiq xarakteri daşıyır. Amma indiki şəraitdə, əgər Ermənistan konstitusiyasına hər hansı bir dəyişiklik baş verməzsə və Ermənistanla sülh müqaviləsi imzalanarsa, habelə Ermənistanın konstitusiyasında və digər sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer alarsa, həmin müqavilə istənilən an aradan qaldırıla bilər. Yəni Ermənistanda istənilən hakimiyyət dəyişikliyi nəticəsində onlar konstitusiyanın həmin müddəalarına istinad edərək birtərəfli qaydada müqavilədən çıxdıqlarını bəyan edə bilərlər. Ona görə də 2027-ci illə bağlı olan nəzəri və təbliğat xarakterli fikirlərin gündəmə gətirilməsinin səbəbi, məncə, buradan qaynaqlanır”.

Rafi Müslümov

COP29