“Nə olursa-olsun Ermənistan sülh müqaviləsini bağlamağa məhkumdur. Başqa çıxış yolu yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın baş tutan Rusiya səfərindən sonra Azərbaycanla sülh prosesində hansı dəyişikliklərə gedə biləcəyindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistanın konkret xarici siyasəti yoxdur, əsas kurs götürdüyü Qərbin isə regiona yanaşması hər kəsə bəllidir.
“Başda ABŞ olmaqla kollektiv Qərb Cənubi Qafqazda nəzarəti ələ keçirmək istəyir. Rusiyanın sıxışdırılıb, çıxarılması üçün isə Ermənistandan alət kimi istifadə olunur.
Nəzərə almaq lazımdır ki, Ermənistan 44 günlük Vətən müharibəsində kapitulyasiya aktına imza ataraq, məğlub olduğunu təsdiqləyib. Həmçinin Rusiya-Azərbaycan-Ermənistan arasında üçtərəfli bəyannaməni qəbul edərək üzərinə müəyyən öhdəliklər götürüb. İndi həm sülh prosesini uzadır, həm də üzərinə düşənləri yerinə yetirmir. Bu, Ermənistanın ardıcıl siyasətinin olmadığının, gah Rusiyaya, gah da Qərbə meyl etməsinin göstəricisidir.
Nə olursa-olsun Ermənistan sülh müqaviləsini bağlamağa məhkumdur. Başqa çıxış yolu yoxdur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli