İrəvanın dünya ictimaiyyətini çaşdırmaq niyyəti: “Yeni münaqişə ocağı yaratmaq istəyir”

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı təəssüf ki, nikbin proqnoz səsləndirə bilmirik. Çünki son dövrlərdə yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyinin şahidi oluruq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi ilə bağlı analitik məqaləsinə toxunub.

Qeyd edək ki, nəşr yazır ki, 2024-cü ildə şiddətli atışmaların davam edəcəyini gözlənilmir, çünki sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub.

S.Kərimlinin fikrincə, Ermənistanın siyasi rəhbərliyi, konkret olaraq baş nazir Nikol Paşinyan daim sülh bəyanatları səsləndirir.

O, hesab etdiyini bildirib ki, bütün bunlar daha çox dünya ictimaiyyətini çaşdırmaq xarakterini özündə daşıyır.

“Çünki Ermənistan daim bu cür saxta və riyakar bəyanatlar səsləndirdikdən sonra onun yenə də öz sözünün üstündə durmadığının, sözü ilə əməlinin uyğunluq təşkil etmədiyinin şahidi olmuşuq.

Ermənistan, ilk növbədə, Azərbaycanın irəli sürdüyü haqlı və ədalətli tələbləri yerinə yetirməkdən boyun qaçırır. Bu, Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməsini, konstitusiyasına düzəliş edərək, ərazi iddialarına son qoymaq tələbidir ki, Ermənistan bu tələbi yerinə yetirmək istəyində görünmür”, – deyə o əlavə edib.

Politoloq onu da diqqətə çatdırıb ki, İrəvan, eyni zamanda, Qərb və Avropa İttifaqı ölkələrinə arxalanaraq, həmin ölkələrdən kütləvi şəkildə silah tədarük edərək, bölgədə yeni münaqişə ocağı, hərbi təxribatlar yaratmaq istəyindədir:

“Son aylarda bunun kifayət qədər şahidi olmuşuq. Bununla paralel olaraq, şərti sərhədlərimizdə, xüsusilə də Naxçıvan istiqamətində Ermənistan ordusunun dalbadal törətdiyi hərbi təxribatlar, mövqelərimizin atəşə tutulması cəhdləri də onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir. Əgər Ermənistan sülh istəsəydi, şərti sərhədlərdə hərbi təxribatlar törətməzdi, öz konstitusiyasında qonşularına, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarından əl çəkərdi. Lakin təəssüf ki, hələlik bunun şahidi olmuruq. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir və Azərbaycan da haqlı olaraq hesab edir ki, yekun sazişinin ədalətli, uzunmüddətli və dayanıqlı olması üçün İrəvan sözügedən şərtlərə birmənalı olaraq əməl etməlidir. Ona görə də tezliklə Ermənistanın sülhə imza atacağı barəsində yekun fikri səsləndirə bilmirik”.

Rafi Müslümov

COP29