İrəvanın ənənəvi sabotaj siyasəti: “Ermənistan öhdəlikləri yerinə yetirmək istəmir”

“Bütün bu məqamlar göstərir ki, Ermənistan ənənəvi olaraq özünün sabotaj və manipulyasiya siyasətinə sadiqdir, İrəvan sülh danışıqlarından maksimum şəkildə yayınır, öhdəliklərini hər zamankı kimi yerinə yetirmək istəmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Siyasi təhlilçi Ermənistanın silahlandırılması prosesində bu ölkənin yekun sazişlə bağlı vaxtı uzatması məsələsinə toxunub.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin ciddi şəkildə qət etdiyi bir yol var.

“Qarşımızda Ermənistan kimi riyakar, öhdəliklərinə sadiq olmayan, sabotaj meyllərinə fokuslanan və Qərb və bir çox güclərin əlində marionet fiqura çevrilən bir ölkə olmasına rəğmən, biz müharibənin qalib tərəfi olduqdan sonra öhdəliklərin qarşı tərəfdən yerinə yetirilməsinə böyük miqyasda nail olmağı bacardıq”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, bu, Azərbaycan diplomatiyasının peşəkarlığından irəli gəlir:

“Strateji hədəflərə köklənmə bacarığından irəli gələn uğurlar idi. Elə delimitasiya istiqamətində əldə etdiyimiz uğurlar da birinci mərhələnin bitib, ikinci mərhələnin irəliləməsi istiqamətində ciddi addımların atılması da bu prosesin bir tərkib hissəsidir. Təbii olaraq, sülh danışıqlarını götürəcək və yekun sazişin imzalanmasında daşları formalaşdıracaq məqamlar var ki, bunların da başında Ermənistan tərəfinin hələ də konstitusiyasına düzəliş etməməsidir. Haqlı olaraq, rəsmi Bakının tələbi digər öhdəliklərin başında məhz həmin ali qanunverici sənədin dəyişdirilməsi ilə bağlıdır. Lakin hələ də biz Paşinyanın söz oyununa getdiyini, bununla bağlı dəyişiklərin icra olunacağını, qarşıda növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas hədəf olduğunu dilə gətirməsinin şahidi ola bilirik. Ancaq hansı maneələrin və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan tərəfi, əvvəla, müharibədə qalib olan tərəfdir və atdığı bütün addımlar, etdiyi tələblər beynəlxalq hüquq prosesində icra olunub və dilə gətirilib. Ona görə də bu tələbləri qarşı tərəf yerinə yetirməlidir ki, onun ardınca delimitasiya prosesi də öz həllini tapmış olsun, həmçinin kommunikasiyaların açılmasına da rəvac verilsin”.

Z. Qarayevanın fikrincə, təbii olaraq hazırda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi məsələsi hazırda müəyyən mənada gündəmdən çıxarılıb:

“Çünki kommunikasiyaların açılması üçün, ilk növbədə, sülh mühitinin formalaşmasına və Ermənistanın ərazi iddialarını aradan qaldırmasına ehtiyac var. Ona görə də başda daha önəmli məsələlər öz həllini tapmalıdır ki, qarşılıqlı etimad mühiti formalaşsın və bu etimad mühiti çərçivəsində də kommunikasiyaların təhlükəsizliyinə zəmanət verilə bilsin.

Hələlik İrəvan vaxtı uzadır, Qərb ölkələrindən silahlar alıb təlimlər keçirirsə, belə bir məqamda biz sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasından danışa bilmərik. Lakin bu, o demək deyil ki, Azərbaycan bütün bu yaşananlara göz yumacaqdır. Necə ki biz fundamental problemlərimizin həllinə öz gücümüzlə nail olduqsa, yenə də diplomatiya cinahına üstünlük verilməklə öz gedişlərimizi edəcəyik və bütün addımlarımızla Ermənistanı dalan vəziyyətə sıxmağa çalışacağıq ki, onun öz öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu olmadığını başa sala bilək”.

Rafi Müslümov

COP29